Narkotiklərlə bağlı araşdırma çərçivəsində saxlanılan aktrisa Melis Sezenin polisə verdiyi ifadə üzə çıxıb. Sezen ona qarşı irəli sürülən iddiaları rədd edərək həyatında heç vaxt narkotik maddə istifadə etmədiyini bildirib. Aktrisa aylıq orta gəlirinin təxminən 400 min türk lirəsi olduğunu da açıqlayıb.
Referans Media xəbər verir ki, ifadəsində aktrisa kimi fəaliyyət göstərdiyini bildirən Melis Sezen aylıq orta gəlirinin 400 min lirə civarında olduğunu deyib.
Narkotik maddə istifadə etmədiyini vurğulayan Sezen: “Həyatımda heç bir narkotik maddə istifadə etməmişəm. İstifadəsini də qəbul etmirəm”, - deyə bildirib.
Sezen narkotik və ya stimullaşdırıcı maddələrin satışı ilə məşğul olduğu bildirilən şəxslərlə əlaqəsinin olmadığını və heç bir vasitəçilik etmədiyini bildirib. O, narkotik satışı ilə əlaqəli olduğu iddia edilən şəxslərə hər hansı pul köçürməsi həyata keçirmədiyini də qeyd edib.
Aktrisa telefonundakı tətbiqlərin ayrıca şifrələnmədiyini, yalnız cihazın giriş şifrəsinin olduğunu bildirib. Sezen ifadəsi zamanı telefonunun şifrəsini də hüquq-mühafizə orqanlarına təqdim edib.
Gecə həyatının olduqca məhdud olduğunu deyən Sezen narkotik maddələrin istifadə edildiyi və ya saxlanıldığı mühitlər barədə məlumatının olmadığını bildirib. O, belə məkanlara dəvət olunsa belə, həmin mühitlərə qatılan biri olmadığını vurğulayıb.
Haqqında yayılan məlumatların həqiqəti əks etdirmədiyini müdafiə edən Sezen narkotik testi keçirilməsinə hazır olduğunu bildirib. Aktrisa hər cür qan və tük nümunəsi təqdim etməyə hazır olduğunu və test nəticəsinin mənfi çıxacağına əminliyini ifadə edib.
Gündəlik həyatından da danışan Sezen ailəsi ilə birlikdə yaşadığını, uzun illərdir anası və bacısı ilə eyni evdə qaldığını bildirib. O, vaxtının böyük hissəsini evdə və çəkiliş meydançasında keçirdiyini qeyd edib.
Melis Sezen haqqında verilən məlumatların onun nüfuzuna zərər vurmaq məqsədi daşıdığını iddia edib. Aktrisa narkotiklərlə hər hansı əlaqəsinin olmadığını və heç bir cinayət törətmədiyini müdafiə edib. O, bu səbəbdən effektiv peşmanlıq müddəalarından yararlanmaq istəmədiyini bildirib.
Qeyd edək ki, Sezenin açıqlamaları onun istintaq çərçivəsində verdiyi ifadədə səsləndirdiyi mövqedir. Araşdırmanın yekun nəticəsi və məsələyə hüquqi qiymət müvafiq istintaq və məhkəmə prosesləri çərçivəsində müəyyənləşəcək.
