Suriyada devrilmiş Bəşər Əsəd rejiminin yüksək rütbəli hərbçilərinə qarşı əməliyyatlar davam edir. Suriya Daxili Təhlükəsizlik Qüvvələri Əsəd dövründə Respublika Qvardiyasında yüksək vəzifələrdə çalışmış keçmiş general-mayor Əhməd Məhəmməd İsmaili saxlayıb.
Suriya hakimiyyətinin yaydığı məlumata görə, Əhməd Məhəmməd İsmail Əsəd rejimi dövründə 14-cü Hava Desant Diviziyasına komandanlıq edib. Onun 2016-cı ildən etibarən Hələb, Dəra və Şərqi Quta bölgələrində keçirilən hərbi əməliyyatların idarə olunmasında birbaşa iştirak etdiyi bildirilir.
Referans Media xəbər verir ki, Suriya tərəfinin açıqladığı hərbi məlumatlara əsasən, Əhməd Məhəmməd İsmail hərbi karyerasına taqım komandiri kimi başlayıb. Daha sonra 101-ci Hava Desant Alayının 2-ci taborunda bölük komandiri vəzifəsində çalışıb. 2016-cı ilin əvvəlində həmin alayın əməliyyat şöbəsinə rəhbər təyin edilən İsmail sonradan Respublika Qvardiyasının qərargah rəisi vəzifəsinə qədər yüksəlib. Daha sonra 14-cü Hava Desant Diviziyasında əvvəlcə komandir müavini, ardınca isə diviziya komandiri olub. Bəzi Suriya mənbələri onun bu vəzifədə Əsəd hakimiyyətinin devrilməsinə qədər qaldığını bildirir.
Suriya Daxili Təhlükəsizlik Qüvvələrinin məlumatına görə, İsmail 2016-cı ildən etibarən Hələb, Dəra və Şərqi Qutaya qarşı hərbi əməliyyatların planlaşdırılması və idarə olunmasında iştirak edib. Suriya İnsan Haqları Müşahidə Evi də keçmiş generalın həmin bölgələrdə aparılan hərbi əməliyyatların idarə edilməsində iştirak etməsi ilə bağlı ittihamların olduğunu açıqlayıb. İsmail barəsində araşdırma başladılıb. İstintaqın tamamlanmasından sonra işin məhkəmə orqanlarına göndərilməsi gözlənilir.
İsmailin xidmət etdiyi dövrlə bağlı adı çəkilən Şərqi Quta Suriya vətəndaş müharibəsi zamanı ən çox müzakirə olunan bölgələrdən biri olub. Bölgə 2013-cü ilin avqustunda baş verdiyi bildirilən kimyəvi hücumdan sonra dünya gündəminə çıxıb. ABŞ kəşfiyyatı həmin hücum zamanı sarin qazından istifadə edildiyini və 1000-dən çox insanın öldüyünü açıqlamışdı. Hücum Əsəd rejiminə aid edilsə də, Suriya hökuməti bu ittihamları rədd edərək məsuliyyəti müxalif qrupların üzərinə atmışdı.
Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında devrilməsindən sonra yeni Suriya rəhbərliyi keçmiş rejimin hərbi və təhlükəsizlik strukturlarında çalışan şəxslərə qarşı əməliyyatlara başlayıb. Bu çərçivədə çoxsaylı keçmiş təhlükəsizlik əməkdaşının saxlanıldığı və onlarla bağlı məhkəmə proseslərinin 2026-cı ilin aprelindən etibarən başladığı bildirilir.
Sentyabrın əvvəlində də Suriya hakimiyyəti Əsəd dövründə yaşayış məntəqələrinə qarşı ölümcül bombardmanlarda iştirak etməkdə ittiham olunan 9 keçmiş pilotun saxlanıldığını açıqlamışdı. Onlardan 3-nün general rütbəsində olduğu bildirilmişdi.
Suriyada avqust ayında keçirilən məhkəmə prosesində Bəşər Əsəd, qardaşı Mahir Əsəd və daha 5 keçmiş təhlükəsizlik rəsmisi vətəndaş müharibəsi dövründə törədildiyi bildirilən cinayətlərlə bağlı qiyabi ölüm hökmünə məhkum edilib. Bəşər Əsəd isə hakimiyyətinin 2024-cü ilin dekabrında devrilməsindən sonra Suriyanı tərk edərək Rusiyaya gedib.
