Türkiyədə dəhşətli cinayət: 65 yaşlı kişi həyat yoldaşını boğaraq öldürdü

Konyanın Hadim rayonunda 63 yaşlı qadın evində ölü tapılıb. Onun həyat yoldaşı olan 65 yaşlı Mehmet Ali S. qadını boğaraq öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Referans Media xəbər verir ki, Hadim rayonunun Yuxarıeşənlər məhəlləsində baş verən hadisə səhər saatlarında üzə çıxıb. Məlumata görə, Mehmet Ali S. qızı ilə telefon əlaqəsi saxlayaraq onu evə çağırıb.

Atasının çağırışı ilə evə gələn qadın anası Fadime S.-ni yataqda hərəkətsiz vəziyyətdə görüb. İddiaya görə, Mehmet Ali S. qızına həyat yoldaşını gecə saatlarında boğaraq öldürdüyünü bildirib. Qadının vəziyyəti ilə bağlı dərhal jandarma və təcili tibbi yardım əməkdaşlarına məlumat verilib. Hadisə yerinə gələn ekipajlar 4 uşaq anası Fadime S.-nin həyatını itirdiyini müəyyənləşdirib.

Hadisədən sonra saxlanılan Mehmet Ali S.-nin jandarmadakı ifadəsində fərqli açıqlama verdiyi bildirilir. Belə ki, qızına həyat yoldaşını öldürdüyünü söylədiyi iddia edilən şübhəli ifadəsində gecə psixoloji dərman qəbul edərək yatdığını, səhər isə həyat yoldaşını hərəkətsiz vəziyyətdə gördüyünü və hadisənin necə baş verdiyini xatırlamadığını deyib.

Fadime S.-nin meyiti hadisə yerində aparılan ilkin araşdırmadan sonra yarılma üçün məhkəmə-tibb ekspertizası morquna göndərilib. Mehmet Ali S. hazırda polis nəzarətindədir. Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi və ölümün dəqiq səbəbinin aydınlaşdırılması üçün jandarma tərəfindən araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki