image-prezident-serencam-imzaladibackend

Prezident Sərəncam imzaladı: 85,8 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün ümumilikdə 85 milyon manatdan artıq vəsait ayırıb.

Referans Media xəbər verir ki , bununla bağlı dövlət başçısı Sərəncam imzalayıb.

Sənəddə qeyd olunub ki, cari ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik) obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurub.

“Aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq, operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülmüş, su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyi təmin edilmiş, infrastrukturun bərpası və təmir-tikinti işləri həyata keçirilib”, – sənəddə deyilir.

Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələ­cəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85 milyon 869 260 manat ayrılıb.

Bu vəsaitdən Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 600 manat və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 260 manat vəsait ayrılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki