Prezident İlham Əliyevin martın 2-də Rusiyanın baş nazirinin müavini, Azərbaycan–Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Aleksey Overçukla görüşü mövcud geosiyasi vəziyyət fonunda diqqət çəkdi.
Overçuk regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İrandan təxliyəsində operativ köməyə görə Azərbaycan rəhbərliyinə təşəkkür eddib. Görüş zamanı Bakı-Moskva münasibətlərinin gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb, “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımların atılacağı vurğulanıb.
Overçukun Bakıya səfəri sadəcə işgüzar protokol görüşü, yoxsa Moskvanın münasibətləri yenidən balanslaşdırmaq cəhdidir?
Referans Media xəbər verir ki, globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, AZAL təyyarəsinin vurulmasından sonra baş verən proseslər hələ də aktuallığını qoruyur:
“Rusiya tərəfi Bakının suallarını tam şəkildə cavablandırmır və irəli sürülən tələbləri tam icra etmir. Prezident İlham Əliyev ilə Rusiya lideri Vladimir Putinin Düşənbədəki görüşü zamanı kompensasiyanın ödəniləcəyi bildirilsə də, məsələ həllini tapmadı. Bununla belə, tərəflər arasında təmaslar davam edir.
Azərbaycan–Rusiya münasibətlərində Aleksey Overçuk hər zaman ən aktiv fiqurlardan biri olub. Çünki o, Hökumətlərarası Komissiyanın həmsədridir və tez-tez Bakıya səfər edir. Görünür, Kreml bu fiqura xüsusi önəm verir. Overçuk da görüşlərdə maksimum dərəcədə pozitiv mövqe nümayiş etdirməyə çalışır.
Bütün bunlar müsbət detallardır. Lakin hesab edirəm ki, kifayət deyil. Real və konkret addımlar atılmadıqca, Overçukun səfərləri və təşəbbüsləri də məhdud nəticə verəcək”.






















