Qazaxıstan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

Qazaxıstanda iyunun 29-dan iyulun 2-dək qoşunların ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi üzrə kompleks taktiki-cərgə məşğələləri keçiriləcək.

Referans Media xəbər verir ki, qarşıdan gələn manevrlər barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanıb ki, bütün qoşun tədbirləri təlim xarakteri daşıyır və əvvəlcədən təsdiq edilmiş plana uyğun olaraq keçirilir.

Nazirlik xəbərdarlıq edib ki, təlimlər əsasən hərbi hissələrin ərazisində və təlim poliqonlarında keçiriləcəyi üçün genişmiqyaslı texnika yerdəyişməsi olacaq.

Qurumdan izah edilib ki, silahlı qüvvələrin ayrı-ayrı bölmələri poliqonlara və təlim mərkəzlərinə yürüşlər edəcək, buna görə də avtomobil yollarının müəyyən hissələrində mülki nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər qoyulması mümkündür.

Qazaxıstan Müdafiə Nazirliyi respublika vətəndaşlarını, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini qarşıdan gələn təlimlər barədə yalnız rəsmi məlumatlara istinad etməyə çağırıb./Publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki