Qrip yoxsa koronavirus? – Belə ayırd edin

  Payız-qış mövsümünün yaxınlaşması ilə yanaşı, havaların soyuması və qapalı məkanlarda insanların daha çox vaxt keçirməsi tənəffüs yolu infeksiyalarının, xüsusilə də mövsümi qrip və COVID-19  xəstəliklərinin artmasına şərait yaradır. Hər iki virus oxşar simptomlarla müşahidə olunduğu üçün bəzən insanlar arasında qarışıqlıq yaranır. Mütəxəssislər bildirirlər ki, bu dövrdə düzgün diaqnoz qoyulması və profilaktik tədbirlərin görülməsi vacibdir.

Hazırkı mərhələdə əsas sual budur: qrip və COVID-19 arasında fərqləri necə müəyyənləşdirmək olar və bu payız-qış mövsümündə yenidən qarışıqlıq riski varmı?

 Referans.az  xəbər verir ki, infeksionist Aytən Ziyadova Sfera.az-a bildirib ki, payız-qış mövsümünün yaxınlaşması ilə tənəffüs yolu infeksiyalarında artım müşahidə olunur. 

Onun sözlərinə görə, mövsümi qrip və COVID-19-un simptomları oxşar olduğundan bəzən ayırd etmək çətin ola bilər:

“Hər iki infeksiya yüksək hərarət, üşütmə, halsızlıq, öskürək, baş və əzələ ağrıları ilə başlayır. COVID-19-da fərqli olaraq dad və qoxu itkisi, bəzən də nəfəs darlığı görülür, amma bu simptom hər kəsdə olmaya bilər. Qrip isə adətən daha qəfil başlayır; xəstə bir-iki gün içində özünü çox pis hiss edə bilər.

Ən dəqiq diaqnoz testlə mümkündür.COVID-19  üçün PCR və antigen testləri, qrip üçün isə sürətli influenza testləri tətbiq olunur”.

İnfeksionist qeyd edib ki, iki virusun fərqi onların virus təbiətindədir:

 “Qripə səbəb olan viruslar influenza A və B, COVID-19 isə SARS-CoV-2 koronavirusudur. Hər iki virus damcı və hava yolu ilə yayılır, lakin COVID-19 bəzi hallarda daha uzun müddət yoluxucu qalır. Bundan əlavə, COVID-19-un inkubasiya dövrü 2-14 gün, qripdə isə 1-4 gündür.

Eyni vaxtda yoluxmaq mümkündür. Belə hallara “çift infeksiya” deyilir. Bir şəxs eyni zamanda həm qrip, həm də COVID-19 virusunu daşıya bilər. Bu vəziyyətdə xəstəliyin gedişi xüsusilə yaşlı və xroniki xəstəlikləri olan insanlarda  daha ağır ola bilər”.

Müsahibimiz dedi ki, müalicə simptomlara və diaqnoza əsaslanır:

 “Qripdə antiviral dərmanlar, məsələn oseltamivir, xəstəliyin ilk 48 saatında effektlidir. COVID-19 üçün isə xüsusi antiviral və immunomodulyator müalicələr mövcuddur. Hər iki virus aşkarlanarsa, həkim vəziyyətə uyğun fərdi yanaşma tətbiq edir”.

Həkim, viruslardan qorunma tədbirlərini də qeyd edib:

1. Peyvənd: Həm qrip, həm COVID-19 peyvəndləri mövcuddur və eyni mövsümdə vurula bilər. Xüsusilə risk qrupları, yaşlılar, hamilələr, xroniki xəstəliyi olanlar  peyvənd olunmalıdır.

2. Gigiyena: Qapalı məkanlarda havalandırma, maskadan istifadə, əllərin tez-tez yuyulması və simptomlu şəxslərlə təmasdan çəkinmək.

3. Özünü müşahidə: Halsızlıq, öskürək və qızdırma varsa, dərhal test olunmaq və evdə qalmaq vacibdir.

A.Ziyadova xəbərdarlıq edib ki, payız-qışda qrip və COVID-19 qarışıqlıq riski var, çünki hər iki virus artıq mövsümi xarakter alıb və eyni dövrdə yayıla bilər. Lakin vaksinasiya, gigiyena qaydalarına əməl etməklə risk xeyli azaldıla bilər.

O, vurğulayıb ki, qorxmağa ehtiyac yoxdur, amma məsuliyyətli olmaq vacibdir. Sadə qaydalara əməl etməklə, vaxtında peyvəndlənməklə və simptomlara diqqət etməklə həm özümüzü, həm ailəmizi, həm də cəmiyyəti qoruya bilərik.   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki