image-repetitorluqbackend

Repetitorluq faciə ilə NƏTİCƏLƏNDİ – 400 tələbə hazırlayan müəllimin ölümünün PƏRDƏARXASI

400 tələbəsi olan çinli repetitor dərs yükünün öhdəsindən gələ bilməyib və öz toyuna bir neçə gün qalmış dünyasını dəyişib.

Təxminən 20 yaşında olan Li soyadlı gənc müəllim Wuhandakı şirkətinin ofisində ağır stress və yorğunluqdan dünyasını dəyişib. 400 tələbə ilə işləyən müəllim, toydan sonrakı tətillərə qədər bütün tapşırıqları yerinə yetirmək üçün bir neçə gün ardıcıl olaraq iş vaxtından artıq işləyib. Aprelin 22-də həmin şəxs yenə də iş vaxtından əlavə çalışıb və Linin nişanlısı ona zəng çatmadığı üçün polisə müraciət edib.

Səhəri gün müəllim iş otağında heç bir həyat əlaməti olmadan tapılıb. Həkimlər onun qəfil ürək tutmasından öldüyünü müəyyən ediblər.

Bəs, bir repetitor neçə şagirdlə məşğul ola bilər?

Suala təhsil üzrə ekspert Nadir İsrafilov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, istənilən müəllim üçün repetitorluq maddi maraqla bağlı fəaliyyət sahəsidir:

“Maddi marağı olmayan bir kəs bir nəfəsə 10-12, bəzən isə daha çox şagirdlə məşğul olub, özünü mənəvi və fiziki istismara məruz qoymamalıdır. 15-20 nəfərlə məşğul olanlar da az deyil, Halbuki, öz sağlamlığına zərər yetirməmək üçün 7-8 nəfərlə də məşğul olmaq daha yetərli olardı”.

Müsahibimiz repetitorluqla bağlı digər vacib məqamlara da toxunub:

“Bir çox müəllimlər, təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də “repetitor” biznes strukturunun əməkdaşları kimi fəaliyyət göstərirlər. Son on illiklərdə repetitorluqla bağlı nələr yazılmayıb, nələr deyilməyib, məsələyə kimlər tərəfindən fərqli münasibətlər bildirilməyib…

Yəni, bu əlavə və əlahiddə xidmət növü nə dünənin, nə də bu günümüzün məsələsi olmayıb, təhsilimizdə təşəkkül tapdığı vaxtlardan bu yana cəmiyyəti maraqlandıran, düşündürən bir məsələdir.

Nə deyirik, repetitorluqdan istifadə edilsin, əlavə dərs üçün müəllim yanına da gedilsin. Amma bu məsələnin bir əmması var, o da ondan ibarətdir ki, niyə rəsmi fəaliyyət sahiblərinin görməli olduğu işi qeyri-rəsmi fəaliyyətlə məşğul olanlar görməlidir!? Yəni, bu repetitorluğu rəsmiləşdirərək, leqallaşdırmaq və ya əksinə, bu qeyri-rəsmi fəaliyyət sahəsini donduraraq, bu ətrafda yaranan söz-söhbətə bir dəfəlik son qoymaq bu qədərmi çətindir?”

12 illik təhsil sisteminə keçid bu qədər çətindir?

Nadir İsrafilov onu da qeyd edib ki, bir vaxtlar tədris planı və proqramları ilə nəzərdə tutulmuş hər bölmənın sonunda təkrara dair 1-2 dərs saatı, hər kursun sonunda isə imtahanqabağı yekun təkrara ayrılan 15-20 saatlıq dərs məşğələləri tədbiq olunsaydı, bu funksiya elə məktəbdə, dərs prosesindəcə, həmın məktəbin müəllimi tərəfındən yerinə yetirilə bilərdi:

“Məktəblərdə 10-11-ci siniflərdə keçirilənlərin intensiv təkrarı yer alarsa, sırf repetitorluq prorqramı kimi, məktəb rəhbərliyi də buna ciddi nəzarət edərsə, əksər şagirdlər repetitor yanına getmək ehtiyacı duymaz. Əslində, 12 illik təhsil sisteminə keçid bunu daha sistemli təşkili deməkdir, əgər bu keçid bu qədər çətindirsə, o zaman ən yaxşı yol budur. Yox əgər repetitorluğun paralel təhsil kimi, kölgə təhsili kimi davam etməsini istəyənlər, bunda maraqlı olanlar varsa, bu başqa məsələ.

Repetitorluğun qayəsini ali məktəbə hazırlıq təşkil edirsə və nazir də etiraf edirsə ki, “Məktəblər təhsil vermir və biz bunu bilirik… Biz əgər mərkəzləşmiş imtahan ediriksə, repetitorluq üçün hər zaman münbit şərait olacaq”.

Elə isə, bəlkə ali məktəblərə qəbul imtahanlarının modelini dəyişək?

İstənilən halda ya oyanlıq, ya da bu yanlıq nəsə etməliyik. Əgər, ümumtəhsil məktəbində təhsil alanı lazımi biliklərə məktəbin təhsilverəni yiyələndirmirsə, bəs onda məktəbin, müəllimin funksiyasına nə daxildir?”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki