ABŞ və İsrail ilə İran arasında davam edən müharibə fonunda Yaxın Şərqdə gərginlik daha da artır. Ağ Ev rəsmiləri bildiriblər ki, ABŞ prezidenti Donald Tramp bölgədəki müttəfiqlərlə, xüsusilə də Məhəmməd bin Salman ilə intensiv danışıqlar aparır.
Referans Media xəbər verir ki, Səudiyyə Ərəbistanı vəliəhdi Vaşinqtona İran üzərində hərbi təzyiqin davam etdirilməsi ilə bağlı tövsiyə verib. Bu yanaşmanın, 2015-ci ildə vəfat edən keçmiş Səudiyyə Ərəbistanı Kralı Abdullahın illər əvvəl ABŞ-a verdiyi və “ilanın başını kəsin” ifadəsi ilə yadda qalan sərt çağırışı xatırlatdığı bildirilib.
Müharibə Səudiyyə Ərəbistanına da yayılıb
Fevralın 28-də başlayan qarşıdurma qısa müddətdə regional böhrana çevrilib. İranın cavab hücumları çərçivəsində Səudiyyə Ərəbistanı da hədəfə alınan ölkələrdən biri olub.
Məlumata görə, İranın pilotsuz uçuş aparatları və qanadlı raketləri paytaxt Riyad və ölkənin şərqində yerləşən bəzi neft obyektlərinə yönəldilib. Səudiyyə hava hücumundan müdafiə sistemləri hücumların böyük hissəsini zərərsizləşdirsə də, bəzi enerji obyektlərinin zədələndiyi və mülki itkilərin olduğu bildirilir.
Riyad: Özümüzü müdafiə etmək hüququmuz var
Riyad rəhbərliyi hücumlara görə İranı məsuliyyət daşımaqda günahlandırıb və ölkənin özünü müdafiə etmək hüququnun olduğunu bəyan edib. Səudiyyə Ərəbistanı İranın hava limanlarını və enerji infrastrukturunu hədəfə alan hücumlarının regional təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyini vurğulayıb.
Bununla yanaşı, Riyad rəsmiləri ölkənin müharibədə birbaşa hücum əməliyyatlarında iştirak etmədiyini, lakin hava məkanını və strateji obyektlərini qorumaq üçün müdafiə tədbirlərini gücləndirdiyini açıqlayıb.
Neft bazarlarında narahatlıq artır
Müharibənin ən böyük təsirlərindən biri qlobal enerji bazarlarında hiss olunur. İranın Hörmüz boğazını bağlamaqla bağlı hədələri və bölgədə artan hücumlar fonunda neft qiymətləri sürətlə yüksəlir.
Səudiyyənin enerji nəhəngi “Saudi Aramco” isə vəziyyətin qlobal enerji bazarı üçün “fəlakətli nəticələr” doğura biləcəyi barədə xəbərdarlıq edib.
Ekspertlər hesab edir ki, Vaşinqton ilə Riyad arasındakı yaxın koordinasiya müharibənin gələcək gedişatına ciddi təsir göstərə biləcək əsas amillərdən biridir.
