image-avro-pullbackend

Rubl zəifləyir, dollar sabit qalır – iqtisadiyyatda nə baş verir?

Son günlər valyuta bazarında müşahidə olunan dəyişikliklər – dolların sabit qalması, avronun bahalaşması və rublun zəifləməsi – iqtisadi müzakirələrin əsas mövzularından birinə çevrilib. Bu tendensiyaların Azərbaycana mümkün təsirləri də diqqət mərkəzindədir.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, valyuta bazarındakı mövcud dinamikanı yalnız bir amillə izah etmək mümkün deyil. Onun sözlərinə görə, bu vəziyyət həm qlobal maliyyə siyasəti, həm də regional geosiyasi və iqtisadi faktorların üst-üstə düşməsi ilə bağlıdır.

İqtisadçı qeyd edib ki, avronun möhkəmlənməsi əsasən Avropa Mərkəzi Bankının siyasəti və faiz dərəcələri ilə əlaqəlidir. İnflyasiyanın yüksəlməsi fonunda Avrozonada faizlərin artırılması ehtimalı avroya tələbi artırır və onun məzənnəsini gücləndirir. Digər tərəfdən, dolların sabit qalması əslində onun güclü mövqedə olması deməkdir. Qlobal qeyri-müəyyənlik dövrlərində dollar təhlükəsiz aktiv kimi daha çox tələb görür və bu da avronun bahalaşmasını nisbi prosesə çevirir.

Akif Nəsirli vurğulayıb ki, rublun zəifləməsi daha çox struktur problemlərlə bağlıdır. Sanksiyalar səbəbilə Rusiyaya daxil olan xarici valyuta axınının azalması, enerji gəlirlərinin dəyişkənliyi və neft qiymətlərindən asılılıq, həmçinin Mərkəzi Bankın bazara müdaxiləsinin azalması rubl üzərində təzyiq yaradır. Onun sözlərinə görə, rublun möhkəmlənməsi çox vaxt müvəqqəti xarakter daşıyır və orta müddətdə zəifləmə tendensiyası üstün olur.

İqtisadçı bildirib ki, bu tendensiyaların davamlılığı ilə bağlı dəqiq ssenari yoxdur. Avropada sərt faiz siyasəti davam edərsə, avro müəyyən müddət güclü qala bilər. Lakin enerji qiymətləri və iqtisadi zəifləmə riskləri avronu yenidən təzyiq altına sala bilər. Rubl üçün isə əsas istiqamət zəifləmə olaraq qalır.

Ekspertin fikrincə, valyuta dəyişiklikləri Azərbaycana əsasən idxal kanalları vasitəsilə təsir göstərir. Avronun bahalaşması Avropadan gətirilən ərzaq, dərman, texnika və digər məhsulların qiymətini artırır. Rublun ucuzlaşması isə Rusiyadan idxal olunan bəzi məhsulları qısa müddətdə ucuzlaşdıra bilər, lakin logistika və daxili bazar amilləri bu təsiri məhdudlaşdırır.

O, həmçinin qeyd edib ki, Azərbaycanda qiymətlər yalnız valyuta məzənnəsindən asılı deyil. Qlobal ərzaq qiymətləri, nəqliyyat xərcləri və daxili bazardakı rəqabət səviyyəsi də mühüm rol oynayır. Buna görə də valyuta dəyişiklikləri qiymətlərə daha çox dolayı təsir göstərir.
Akif Nəsirli əlavə edib ki, yaxın aylarda qiymət artımı ehtimalı kifayət qədər realdır. Xüsusilə avronun möhkəmlənməsi davam edərsə, idxal inflyasiyası güclənə bilər. Bu isə ərzaq və gündəlik tələbat mallarında bahalaşma riskini artırır və nəticədə əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərə bilər.

Nəticə etibarilə, iqtisadçının sözlərinə görə, mövcud valyuta dinamikası Azərbaycanda qiymət artımı üçün müəyyən risk yaratsa da, prosesin miqyası qlobal iqtisadi vəziyyət, enerji bazarı və daxili iqtisadi siyasət kimi amillərlə birlikdə formalaşacaq.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki