Norveç dənizində baş verən gərginlik dünya gündəmində geniş əks-səda doğurub. Rusiyaya məxsus bombardman təyyarələrinin beynəlxalq tərəfsiz zonada uçması Böyük Britaniyanı hərəkətə keçirib və ingilis döyüş təyyarələri havaya qaldırılıb. Oxşar gərginlik Baltik dənizində də müşahidə olunub.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, TU-95MS uzunmənzilli bombardman təyyarələri Norveç dənizinin tərəfsiz zonasında 7 saatlıq planlı uçuş həyata keçirib. Nazirliyin açıqlamasında vurğulanıb: “Rota boyunca təyyarələr bəzi məqamlarda xarici ölkələrin döyüş təyyarələri ilə müşayiət olunub.”
İngiltərənin Mirror qəzetinin məlumatına görə, Londondakı rəhbərlik bu hərəkəti özünə yönəlmiş təhlükə kimi qiymətləndirib. NATO-ya aid çoxsaylı döyüş təyyarələri təcili kodla havaya qaldırılıb. Rus təyyarələri isə gərginlik böyümədən geri qayıdıb.
Tupolev-95 bombardman təyyarələri, “Ayı” adı ilə tanınır və nüvə başlıqları daşımaq qabiliyyətinə malikdir. 1950-ci illərdən etibarən istifadə olunan bu pərvanəli təyyarələr hələ də Rusiya Hərbi Hava Qüvvələrində fəaliyyət göstərir.
Oxşar bir gərginlik Baltik dənizində də yaşanıb. Varşava rəhbərliyi Polşa hava məkanına yaxın bölgədə uçan rus kəşfiyyat təyyarəsinin Polşa qırıcıları tərəfindən qarşısının alındığını açıqlayıb. Eyni zamanda Belarus sərhədindən Polşaya daxil olan çoxsaylı hava cisimlərinin müşahidə edildiyi bildirilib. Bu cisimlərin qaçaqmalçılıq məqsədilə istifadə olunan meteoroloji balonlar ola biləcəyi qeyd olunur.






















