Saxlanılan ərəb turistlərlə bağlı qalmaqallı təklif – İki problem yarana bilər

Referans xəbər verir ki,  Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, ötən gün turistlərin milli və mənəvi dəyərlərimizi məsxərəyə qoyduqlarına şahid olduq:

“Onlar etdiklərinin fərqində olmaya bilərlər. Lakin bütöv Azərbaycan naminə canından keçənlərin uyuduğu Şəhidlər xiyabanı və digər milli atributlar ən həssas məqamlarımızdır. Turistlərin belə hallarda maarifləndirilməsi vacibdir. Bələdçilər və turizm şirkətləri gələn turistləri bu mövzuda məlumatlandırmalı və ölkəmizin milli dəyərlərinə hörmətlə yanaşmalarını təmin etməlidirlər. İlk növbədə, qonaqpərvərliyimizi göstərməliyik, lakin eyni zamanda bu kimi halların təkrar olunmaması üçün təbliğat da aparılmalıdır”.

 Ekspert qeyd edib ki, turizm yalnız sənaye işçilərinin məsuliyyəti deyil:

“Cəmiyyət olaraq biz də belə hallar baş verəndə reaksiyamızı göstərməliyik. Çünki əcnəbilər ölkəmizə gəldikdə həm mədəniyyətimizlə, həm də milli dəyərlərimizlə tanış olurlar. Buna görə bütün vətəndaşlar həssas, səbrli və təmkinli davranmalıdır.

Hər hansı bir turist qaydalara əməl etmirsə, hüquq mühafizə orqanları tədbir görəcək. Lakin cəmiyyət olaraq biz maarifləndirici mövqedən çıxış etməliyik. Aqressiya və ya qorxuducu davranışlar turistlərdə yanlış təsəvvür yarada, ölkəmizin imicinə mənfi təsir göstərə bilər. Belə hallar artarsa, növbəti dəfə ölkəyə gələn turistlərin sayında azalma müşahidə olunar. Azərbaycana səfər edən hər bir turist milli və mənəvi dəyərlərimizə hörmətlə yanaşmağa borcludur”  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki