Süni intellektdən istifadə edilməklə saxta resept hazırlandığı və bu yolla insanların aldadılmağa çalışıldığı məlum olub.
Referans Media Ajans.az-a istinadən xəbər verir ki, qaynar xəttimizə şikayət daxil olub. Müraciət edən şəxs sosial şəbəkələrdə yayılan belə saxta reseptlərdən insanların aldana biləcəyini bildirib.
Görüntülərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin adına hazırlanmış resept blankı əks olunub. Reseptdə müxtəlif dərmanların adları, dozaları və qəbul qaydaları qeyd edilib. Sənəddə tarix 20.02.2020, xəstənin adı isə “Məmmədli İlkin” kimi göstərilib.
Qeyd edək ki, görüntülər pul yığmaq məqsədilə paylaşılır.
Paylaşımın üzərində onun süni intellekt vasitəsilə hazırlandığını göstərən qeyd də mövcuddur. Bu isə reseptin həqiqiliyi ilə bağlı şübhələr yaradıb.
Ajans.az məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməlidir.
