Fransanın Fontainebleau şəhəri yaxınlığında fəaliyyət göstərən “O Garden Buffet” adlı açıq bufet restoranı qida israfına qarşı yeni tətbiq başladıb.
Referans Media xəbər verir ki, müştərilərin əvvəlcədən sabit məbləğ ödəyərək istədikləri qədər yemək götürə bildiyi restoranda boşqabında yemək saxlayanlardan hər boşqab üçün əlavə 10 avro tələb olunur.
Restoran bu qaydanı həm girişdə, həm də rəsmi internet səhifəsində müştərilərə əvvəlcədən bildirir.
Restoranın internet saytındakı xəbərdarlıqda “İstədiyiniz qədər yeyin” ifadəsinin yeməyi israf etmək anlamına gəlmədiyi vurğulanır.
Müştərilər masaya oturmazdan əvvəl bu şərtlərlə tanış olur. 10 avroluq əlavə ödənişi qəbul etməyən və ödəməkdən imtina edən şəxslər barəsində isə 135 avro məbləğində cərimə tətbiq oluna biləcəyi bildirilir.
Restoranda boşqabda qalan yeməklərin çölə aparılmasına da icazə verilmir.
Restoran rəhbərliyi bu qaydalarla açıq bufet xidmətində yaranan qida israfını azaltmağa və müştərilərin yalnız yeyə biləcəkləri qədər yemək götürməsinə nail olmağı hədəfləyir./Musavat.com/
