Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa İttifaqı ölkələrində 13 yaşdan kiçik uşaqlar üçün sosial medianın qadağan edilməsi, daha böyük yaş qrupları üçün isə rəqəmsal texnologiyalara məhdudiyyətlər tətbiq olunması istiqamətində addımlar atıldığını açıqlayıb.
Referans Media xəbər verir ki, Fon der Lyayen Fransanın Strasburq şəhərində çıxışı zamanı bildirib ki, 13 yaşdan kiçiklər üçün sosial media istifadəsi olmayacaq, 15 yaşdan aşağı şəxslər üçün isə şəxsi hesabların yaradılmasına icazə verilməyəcək.
Onun sözlərinə görə, 13 və 14 yaşlı uşaqlara valideyn nəzarəti altında və məhdud funksiyalara malik “mini hesablar” təqdim edilə bilər. Bu hesabların istifadəsinin gündə bir saatla məhdudlaşdırılması nəzərdə tutulur.
Yeni “Uşaq Qanunu” hazırlanacaq
Avropa Komissiyasının yeni “Uşaq Qanunu” təklif edəcəyi bildirilib. Qanun çərçivəsində sosial media platformalarının azyaşlılar üçün təhlükəsiz olduğunu sübut etmək öhdəliyinin şirkətlərin üzərinə qoyulması planlaşdırılır.
Hazırda bir sıra böyük sosial media platformaları 13 yaşdan kiçik uşaqların istifadəsini qadağan etsə də, bu qaydaların nə dərəcədə effektiv tətbiq olunduğu müzakirə mövzusudur.
Yeni qanunun qüvvəyə minməsi isə vaxt apara bilər. Çünki artıq ayrı-ayrı ölkələrdə sosial media ilə bağlı fərqli yaş məhdudiyyətləri tətbiq edilir.
Fransa iyul ayında 15 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan edən ilk Aİ ölkəsi olub. Lakin qərar daha sonra ölkənin Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib. İspaniya, Danimarka və İsveç də sosial media istifadəsinə yaş məhdudiyyətləri tətbiq edən ölkələr sırasındadır.
Ursula fon der Lyayen çıxışında süni intellektə də toxunaraq, texnologiyanın düzgün istifadə edildiyi halda insanlığa fayda verə biləcəyinə inandığını bildirib. O, eyni zamanda Avropanın süni intellekt sahəsində qabaqcıl şirkətlərlə texnologiyanın inkişafı və təhlükəsizlik məsələlərini müzakirə edəcəyini açıqlayıb.
