Şəki COP31 çərçivəsində dünyanın 69 şəhəri sırasında yer aldı

Türkiyənin Antalya şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Şəki şəhəri dünyanın 69 şəhərinin iştirak etdiyi qlobal iqlim təşəbbüsündə yer alıb.

Referans Media xəbər verir ki, bu barədə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, COP31 çərçivəsində “C40 Cities” və İqlim və Enerji üzrə Qlobal Merlər Razılaşmasının (GCoM) birgə həyata keçirdiyi “İllik Fəaliyyət Təklifi” (Yearly Offer of Action) adlı iqlim təşəbbüsünün həmsədri olan London şəhərinin meri eyniadlı panel iclasda dünyanın müxtəlif ölkələrindən 69 șəhərin 2027-ci il üçün nəzərdə tutduqları iqlim fəaliyyətləri haqqında məlumat verib.

Beynəlxalq təqdimatda Şəki şəhəri “Şəki iqlim dəyişmələrinə davamlı yaşıllıq sahələrini genişləndirir” (“Sheki is expanding climate-resilient green spaces”) şüarı ilə təmsil olunub.

Bu təşəbbüs şəhərlərin iqlim dəyişmələrinə qarşı həyata keçirdikləri konkret tədbirlərin və iqlim öhdəliklərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir. Təşəbbüs çərçivəsində digər seçilmiş şəhərlərlə yanaşı, Şəki şəhərinin iqlim fəaliyyətləri COP31-in iki həftəsi boyunca rəqəmsal ekranda nümayiş etdirilib. Şəkinin nümunəvi fəaliyyətini əks etdirən təqdimat kartı da konfrans nümayəndələrinə paylanılıb.

Qeyd edək ki, Şəkinin qlobal təșəbbüsdə təqdim etdiyi fəaliyyətin mərkəzində dayanan layihələrdən biri Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında aparılan bərpa və yenidənqurma işləridir.

Bununla yanaşı, Şəki şəhərində yaşayış evlərinin, küçələrin abadlaşdırılması, şəhərin yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində də işlər həyata keçirilir.

Bu məqsədlə quraqlığa davamlı bitkilərin əkilməsi, enerjiyə qənaət edən işıqlandırma və damcı suvarma sistemlərinin tətbiqi nəzərdə tutulur.

Bu tədbirlər su ehtiyatlarından daha səmərəli istifadəyə, enerji istehlakının azaldılmasına və yaşıllıq sahələrinin ekoloji dayanıqlılığının gücləndirilməsinə xidmət edəcək. Fəaliyyət çərçivəsində Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında yerləşən tarixi “Yay teatrı”n da bərpası planlaşdırılır. Beləliklə, yaşıllıq sahələrinin inkişafı ilə yanaşı, Şəkinin mədəni irsinin qorunmasına da töhfə veriləcək.

Bu gün Azərbaycana gələn turistlərin böyük maraq göstərdiyi şəhərlərdən biri olan Şəki öz qədim tarixi, zəngin mədəni irsi, özünəməxsus memarlıq siması və füsunkar təbiəti ilə diqqəti cəlb edir. Şəhərin tarixi-mədəni dəyərlərinin qorunması ilə yanaşı, təbii mühitinin və yaşıllıq sahələrinin inkişaf etdirilməsi onun turizm cəlbediciliyinin daha da artmasına xidmət edir. (Azərtac)

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki