Danimarka ukraynalı reper Kyivstonerə qarşı Rusiya xüsusi xidmət orqanlarının hazırladığı sui-qəsd cəhdinin qarşısı alındıqdan sonra Avropa İttifaqı ölkələrini Rusiya vətəndaşlarının Şengen zonasına girişinə məhdudiyyətləri sərtləşdirməyə çağırıb.
Referans Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
Danimarka təklif edir ki, Rusiya vətəndaşlarına turist vizalarının verilməsi dayandırılsın, biometrik məlumatları olmayan Rusiya pasportları Şengen zonasının bütün 29 ölkəsində tanınmasın. Həmçinin keçmiş və hazırkı rusiyalı hərbçilərin Avropaya giriş qaydalarının sərtləşdirilməsi təklif olunur.
Danimarka bu təşəbbüsləri bazar ertəsi Brüsseldə Aİ ölkələrinin səfirlərinin görüşündə müzakirəyə çıxaracaq. Kopenhagen hesab edir ki, ayrı-ayrı ölkələrin tətbiq etdiyi məhdudiyyətlər vahid Avropa İttifaqı siyasəti ilə əvəz olunmalıdır.
Qeyd edək ki, Danimarka polisi sentyabrda Kyivstonerə qarşı mümkün sui-qəsdin qarşısını alıb.
Hadisə ilə bağlı dörd nəfər həbsdədir. Avqustda isə Polşa xüsusi xidmət orqanları reperə qarşı başqa bir sui-qəsd planının qarşısını aldıqlarını açıqlamışdı.

