“Anklavların təslim edilməsi Ermənistanın təhlükəsizliyi üçün minalanmış sahədir”.
Referans Media xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasının sədri Edmond Marukyan deyib.
O iddia edib ki, anklavlar geri verildikdən sonra həmin ərazilərdə Azərbaycan hərbi bazalar yaradacaq.
Erməni ekspertləri hesab edirlər ki, yeni regional nəqliyyat layihələri fonunda eksklavlar məsələsi də gündəliyin vacib hissəsinə çevriləcək. Bu səbəbdən Ermənistanda son günlər Tavuş bölgəsində yerləşən Sofulu və Bərxudarlı kəndləri ətrafında müzakirələr yenidən gündəmə gəlib.
Ermənistanın siyasi və ekspert dairələri bu məsələni sadəcə, sərhədin delimitasiyası kimi deyil, ölkənin təhlükəsizlik strategiyasının əsas elementlərindən biri hesab edirlər.
Ermənistan demarkasiya çərçivəsində Qazaxın anklav Yuxarı Əskipara kəndini Azərbaycana təhvil verməyə hazırlaşır. “Hraparak” xəbər verir ki, əgər sərhədlərin müəyyənləşdirilməsi davam edərsə, təkcə Verin Voskepar ərazisi deyil, həm də dövlətlərarası magistral yolun Kirants-Voskepar hissəsinin bəzi hissələri Azərbaycana veriləcək.
Bəs bu kəndlərin qaytarılmasından sonra Azərbaycan o ərazilərdə hərbi bazalar qura bilərmi?
Politoloq Əli Orucov Musavat.com-a bildirib ki, 44 günlük müharibədən sonra Ermənistan Azərbaycan arasında nizamlanma prosesində müzakirələrə ən çox səbəb olan mövzu 4 kəndin işğaldan azad edilərək öz sahibinə qaytarılmasıdır: "İrəvan müxtəlif bəhanələrlə Naxçıvanın Kərki kəndini, Qazax rayonuna məxsus Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərini vermək istəmir. Ermənistanda bəzi qüvvələr hesab edirlər ki, həmin kəndlərin qaytarılması vacib magistral yollarına Bakının birbaşa nəzarət etməsinə gətirib çıxaracaq. İrəvan dəfələrlə bütün beynəlxalq platformalarda və daxili auditoriyada Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edirsə, o zaman Azərbaycana məxsus həmin 4 kəndi təcili şəkildə boşaltmalı və təhvil verməlidir. Həmin ərazilərdə gələcəkdə hərbi bazalar qurması və hansı formada istifadə edəcəyi isə Azərbaycanın suveren və beynəlxalq qanunlarla verilən hüququdur. Kimsə Bakıya nəyisə diqtə və tələb edə bilməz”.
Əli Orucov deyib ki, Ermənistan hərbi xərclərə dövlət büdcəsindən ən çox pul ayıran dövlətlərin sıralamasında ilk beşlikdə yerləşir: “Hindistandan, Fransadan və digər dövlətlərdən öldürücü hücum silahları alır, silahlı qüvvələrini modernləşdirir, Azərbaycan da məcburdur ki, təhlükəni önləmək üçün lazımı tədbirlərini görsün. İlk növbədə militarizasiyadan, sürətli silahlanmadan və Azərbaycana qarşı kök salmış düşmənçilik, şovinizm və türkfobiyadan əl çəkməlidir. Hesab edirəm ki, əgər 4 kəndi könüllü surətdə və tezliklə qaytarılmasa, Azərbaycan BMT nizamnaməsindən irəli gələn hüquqlarından istifadə edərək hərbi güc yolu ilə məsələyə son qoya bilər”./Musavat.com/
