Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Telegram-ın qurucusu və baş icraçı direktoru Pavel Durov barəsində "terror fəaliyyətinə yardım" ittihamı ilə cinayət işi açıldığını və onun beynəlxalq axtarışa verildiyini açıqlayıb.
FSB bildirib ki, Telegram rəhbərliyi Rusiyada terror və diversiya fəaliyyətlərinin əlaqələndirilməsi üçün istifadə olunduğu iddia edilən kanal və botları silməyib. Qurumun iddiasına görə, Ukrayna xüsusi xidmət orqanları, eləcə də terror və ekstremist qruplar platformadan sabotaj, terror aktları, kütləvi qətllər və kiberdələduzluq əməliyyatlarının hazırlanması üçün istifadə ediblər.
Qeyd edək ki, Rusiyada bir müddət əvvəl Telegram-a giriş məhdudlaşdırılıb, şirkətə isə ümumi məbləği 100 milyon rubldan çox olan cərimələr tətbiq edilib. Kremlin sözçüsü Dmitri Peskov da daha əvvəl Telegram-ın Rusiyada tam fəaliyyətinin bərpası ilə bağlı danışıqların davam etdiyini, lakin şirkətin bu prosesdə kifayət qədər fəallıq göstərmədiyini bildirmişdi.
