Son günlərdə yerli media məkanında Naxçıvanın qocaman və rəsmi mətbuat orqanı olan "Şərq qapısı" qəzeti və onun əməkdaşları ilə bağlı müxtəlif iddialar işıqlandırılmaqdadır. Xüsusilə, qəzetin jurnalisti Elnurə Cəfərovaya baş redaktor Rəmzi Tahirli tərəfindən "şiddətli töhmət" verilməsi barədə yayılan xəbərlər ictimaiyyətdə müəyyən suallar doğurmuşdu.
Referans Media olaraq, məsələnin pərdəarxasını öyrənmək, həmçinin oxucularımıza yalnız dəqiqləşdirilmiş və obyektiv məlumatları çatdırmaq məqsədilə "Şərq qapısı" qəzetinin baş redaktoru Rəmzi Tahirli ilə birbaşa əlaqə saxladıq.
Baş redaktor Rəmzi Tahirli redaksiyamıza verdiyi özəl açıqlamada yayılan iddiaların tamamilə əsassız olduğunu vurğuladı. O, mətbuatda tirajlanan bu növ xəbərlərin həqiqəti əks etdirmədiyini və şayiə xarakteri daşıdığını qeyd etdi:
"Yayılan məlumatlar tamamilə şayiə xarakterlidir və real vəziyyətlə heç bir əlaqəsi yoxdur. Qəzetin heç bir əməkdaşı, o cümlədən Elnurə xanım barəsində hər hansı bir inzibati tənbeh tədbiri tətbiq edilməyib. Bununla bağlı redaksiya daxilində heç bir qərar qəbul olunmayıb və belə bir məsələ ümumiyyətlə gündəmdə deyil."
Baş redaktor həmçinin qeyd etdi ki, jurnalist Elnurə Cəfərova hazırda da öz peşəkar fəaliyyətini həmişəki kimi normal ritmdə və qaydada davam etdirir. Yaradıcı kollektiv daxilində hər hansı bir gərginliyin və ya hüquqi-inzibati problemin olmadığı xüsusi olaraq diqqətə çatdırıldı.
"Şərq qapısı" qəzetinin rəhbərliyi tərəfindən verilən bu operativ və konkret açıqlama, mövzu ətrafındakı bütün spekulyasiyalara son qoymuş oldu. Fakt ondan ibarətdir ki, qəzet öz ənənəvi iş rejimində çalışır, jurnalist Elnurə Cəfərova isə öz imzası ilə oxucularını sevindirməyə davam edir.
