Seuta faciəsi böyüyür: Ölən miqrantların sayı 90-a çatdı

Mərakeşdən İspaniyanın Seuta eksklavına keçməyə cəhd edən miqrantlar arasında ölənlərin sayı 90-a çatıb.

Referans Media "La Sexta" telekanalına istinadən xəbər verir ki, bu barədə İspaniya və Mərakeşin aidiyyəti qurumları məlumat yayıblar.

İspaniya ərazisində 74 nəfərin meyiti tapılıb, daha 16 meyit isə Mərakeş hüquq-mühafizə strukturları tərəfindən aşkar edilib. Əvvəllər 76 nəfərin həlak olduğu bildirilirdi.

Qeyd edək ki, Seutada miqrasiya böhranı iyulun sonunda bir sutka ərzində Seuta vasitəsilə Avropa İttifaqına keçməyə çalışan təxminən 60 min nəfərin bu eksklava daxil olması ilə başlayıb.

Miqrantların kütləvi axını fonunda şəhərdə iğtişaşlar baş verib. Hakimiyyət orqanları polisin, Mülki Qvardiyanın və Silahlı Qüvvələrin əlavə bölmələrini cəlb edib. Hərbçilər hazırda kritik vacib obyektləri mühafizə edir, hüquq-mühafizə orqanlarının əməkdaşları isə sonradan deportasiya etmək məqsədilə qanunsuz miqrantların axtarışı üzrə reydlər keçirirlər.

Reydlər və sənədlərin sərt şəkildə yoxlanılması miqrantlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalara səbəb olub. Yerli mağazalarda demək olar ki, çörək, süd və ət qalmayıb, polis isə ticarət obyektlərinin yanında növbə çəkir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki