Qızı üçün ömürlük həbs tələb olunur

2025-ci il sentyabrın 26-da Türkiyənin Yalova şəhərində yaşadığı evin eyvanından yıxılaraq həyatını itirən tanınmış müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaq yekunlaşıb.

Bu barədə "Haber Global" telekanalı məlumat yayıb.

Bildirilib ki, Yalova Baş Prokurorluğu tərəfindən cinayət işi üzrə ittiham aktı hazırlanıb.

İttiham aktında mərhum müğənninin oğlu Tuğberk Yağız Hamza Gülter zərərçəkmiş tərəf, qızı Tuğyan Ülkem Gülter isə təqsirləndirilən şəxs qismində göstərilib.

İttihamnaməyə əsasən, Tuğyan Ülkem Gülter "qabaqcadan planlaşdıraraq yaxın qohumunu qəsdən öldürmə" maddəsi ilə ittiham olunur. Prokurorluq onun barəsində ağırlaşdırılmış ömürlük azadlıqdan məhrumetmə cəzası tələb edib.

Bundan başqa, Tuğyan Ülkem Gülterin yaxın rəfiqəsi Sultan Nur Uluya qarşı da ittiham irəli sürülüb. O, bilə-bilə yalan ifadə verməkdə təqsirləndirilir. Prokurorluq onun 4 aydan 1 ilədək azadlıqdan məhrum edilməsini istəyib./Oxu.Az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki