ŞOK HƏQİQƏT ÜZƏ ÇIXDI: Epşteyn intihar etməyib - Belə ÖLDÜRÜLÜB

Maliyyəçi Ceffri Epşteyn intihar etməyib, boğularaq qətlə yetirilib.

Referans Media  xəbər verir ki, bu barədə onun meyitinin yarılması (autopsiya) materiallarını araşdıran amerikalı məhkəmə-tibb eksperti, professor Maykl Frimen açıqlama verib.

BBC-yə müsahibəsində Frimen bildirib ki, maliyyəçinin qardaşı Mark Epşteynin ona təqdim etdiyi yarılma hesabatını və fotoşəkilləri təxminən bir il ərzində təhlil edib.

Aparılan araşdırmanın yekunlarına əsasən ekspert belə qənaətə gəlib ki, Epşteynin ölümü intihar deyil, məhz qətl nəticəsində baş verib.

Frimen iddia edir ki, Epşteynin boynundakı iz özünü asmağa xas əlamətlərə uyğun gəlmir. Onun sözlərinə görə, mərhumun boynunda dərin və qeyri-bərabər izlər aşkar edilib.

Bundan başqa, ekspert Epşteynin sol çiyin nahiyəsində ciddi qansızmaya, eləcə də üzündə zərbələr nəticəsində yarana biləcək zədələrə diqqət çəkib.

Frimenin versiyasına görə, Epşteyni böyük ehtimalla arxadan kəndirə bənzər əşya ilə boğublar, daha sonra isə həmin əşyadan istifadə edərək meyitini ikimərtəbəli çarpayıdan asıblar.

Ekspert həmçinin ehtimal edib ki, Epşteynin boynundakı dırnaq izləri boğulma zamanı xilas olmaq cəhdləri nəticəsində yarana bilər.

"Xəsarətlərin xarakteri meyitin tapıldığı vəziyyətə uyğun gəlmir. Yalnız bir izah qalır, ölüm qətl nəticəsində baş verib", - deyə Frimen vurğulayıb.

Bununla belə, 2019-cu ildə meyitin yarılmasını həyata keçirən məhkəmə-tibb eksperti Epşteyndə aşkarlanan zədələrin intihara uyğun olduğu və hücum zamanı müqavimətə xas, qətlə işarə edə biləcək xəsarətlərin müəyyən edilmədiyi qənaətinə gəlmişdi.

Xatırladaq ki, onlarla yetkinlik yaşına çatmayan qıza qarşı cinsi zorakılıqda və cinsi istismar şəbəkəsi yaratmaqda ittiham olunan Ceffri Epşteyn 10 avqust 2019-cu ildə saxlanıldığı Nyu-Yorkun Manhetten bölgəsindəki Metropolitan İslah Mərkəzindəki kamerasında ölü tapılıb.

Epşteyn işinin ictimaiyyətə açıqlanan materiallarında bir çox tanınmış şəxslərin, o cümlədən keçmiş şahzadə Endryunun, ABŞ prezidenti Donald Trampın, sabiq Amerika lideri Bill Klintonun, İsrailin eks-baş naziri Ehud Barakın, ABŞ-nin keçmiş vitse-prezidenti Albert Qorun, aktyor Kevin Speysinin, müğənni Maykl Ceksonun, illüziyaçı Devid Kopperfildin, vəkil Alan Derşovitsin və Nyu-Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardsonun adları çəkilib.

Bununla yanaşı, iş materiallarında adın çəkilməsi özlüyündə cinayətlərdə iştirakı sübut etmir.

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Ədliyyə Nazirliyi ilə birgə apardığı yoxlamanın yekununda nüfuzlu şəxslərin daxil olduğu iddia edilən Epşteynin "müştəri siyahısı"nın mövcudluğuna dair sübut tapmadığını bəyan edib.

Qurumlar həmçinin belə nəticəyə gəliblər ki, versiyalardan birinə görə yüksəkvəzifəli məmurların, məşhurların və iş adamlarının cinayətlərdə əli olmasını gizlətmək məqsədilə öldürülə biləcəyi ehtimal edilən Epşteyn əslində həbsxana kamerasında intihar edib./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki