Almaniyanın paytaxtı Berlində İkinci Dünya müharibəsindən əvvəl - 1936-cı ildə inşa edilmiş 618 kvadratmetrlik tarixi bunker hərraca çıxarılıb. Şəhərin ən nüfuzlu məhəllələrindən biri olan Şarlottenburqda yerləşən sığınacağın başlanğıc qiyməti 398 min avro müəyyən edilib.
Referans Media xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, “Deutsche Grundstücksauktionen” (DGA) hərrac portalında yerləşdirilən elan ölkə ictimaiyyətində böyük rezonans doğurub.
1906-cı ildə tikilmiş çoxmənzilli yaşayış binasının iki mərtəbə altında yerləşən və 18 otaqdan ibarət olan sığınacağın dekabrın 17-də hərrac yolu ilə satılacağı bildirilir.
Tarixi məlumatlara əsasən, hava hücumlarından qorunmaq məqsədilə tikilən bu bunker həyəcan siqnalları zamanı 250 nəfərə sığınacaq verib, İkinci Dünya müharibəsinin sonlarında isə hərbi xəstəxana kimi fəaliyyət göstərib. Hərrac şərtlərinə görə, obyektin yeni sahibi bina üzrə aylıq 742,86 avro xidmət haqqı ödəməli olacaq.
Sözügedən elanın Almaniyada geniş müzakirələrə səbəb olmasının əsas amili paytaxt Berlində sığınacaq infrastrukturunun, demək olar ki, olmamasıdır. Belə ki, şəhərdə ümumi tutumu 4080 nəfər olan cəmi 4 rəsmi sığınacaq mövcuddur və onların hamısının hazırda istifadəyə yararsız vəziyyətdə olduğu qeyd edilir. Yerli hakimiyyət orqanlarının dekabrın 17-də baş tutacaq hərracda bu bunkeri almaq üçün təklif verib-verməyəcəyi hələlik məlum deyil.


