İsrail yenidən hücuma keçdi – ABŞ Livana yeni qüvvə göndərir?

İsrail Hərbi Hava Qüvvələri aylar sonra Livanın şərqində yerləşən Bekaa vadisinə hava zərbəsi endirib. Hücumun Suriya sərhədinə yaxın Canta bölgəsində Hizbullah üçün nəzərdə tutulan silah daşınmasını hədəf aldığı bildirilir.

Referans Media xəbər verir ki, İsrail ordusunun məlumatına görə, noyabrın 16-da səhər saatlarında keçirilən əməliyyat zamanı Suriyadan Livana gətirildiyi iddia edilən silahlar hədəfə alınıb. İsrail tərəfi həmin silahların Hizbullahın hücum imkanlarını artırmaq üçün nəzərdə tutulduğunu irəli sürüb.

Bununla yanaşı, ABŞ-ın Livanın cənubunda yeni beynəlxalq təhlükəsizlik qüvvəsi yaratmağı nəzərdən keçirdiyi bildirilir. “Əl-Hədəs” telekanalının diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, yeni qüvvənin maksimum 100 nəfərdən ibarət olması və İsrail-Livan arasında təhlükəsizlik razılaşmasının icrasına nəzarət etməsi planlaşdırılır. Onun fəaliyyət zonasının Litani çayının şimalına qədər genişləndirilməsi də müzakirə olunur.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Vals isə Beyruta səfəri zamanı Hizbullahın silahsızlaşdırılmasının vacibliyini vurğulayıb.

“Heç bir ölkənin iki ordusu ola bilməz”, – deyə o bildirib. Vals silahların könüllü şəkildə yerə qoyulmalı və prosesin Livan ordusu vasitəsilə həyata keçirilməli olduğunu qeyd edib.

Qeyd edək ki, 1978-ci ildən Livanın cənubunda fəaliyyət göstərən BMT-nin müvəqqəti sülhməramlı qüvvələrinin (UNIFIL) mandatı 2026-cı il dekabrın 31-də başa çatır. Qətnaməyə əsasən, qüvvələrin bir il ərzində mərhələli şəkildə bölgədən çıxarılması nəzərdə tutulur.

Livan rəhbərliyi isə UNIFIL-i əvəz edəcək yeni təhlükəsizlik mexanizminin BMT mandatı ilə fəaliyyət göstərməsini istəyir. G7 ölkələri də sülhməramlıların çıxarılmasından sonra bölgədə təhlükəsizlik boşluğunun yaranmamasının vacibliyini vurğulayıblar.

Beləliklə, İsrailin son hücumu və ABŞ-ın yeni təşəbbüsü Livanda təhlükəsizlik vəziyyətinin yenidən gündəmə gəlməsinə səbəb olub.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki