SOS: Paytaxtda dəbilqəli “kamikadze”lər artır

Paytaxtda motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, keçirilən tədbirlər nəticəsində nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb. Onun barəsində hüquqi məsuliyyət tədbirləri görülür. Son vaxtlar motosiklet sürən yeniyetmələr həm özlərinin, həm də ətrafdakı insanların həyatı üçün ciddi təhlükəyə çevrilməyə başlayıblar. Onların təhlükəli manevrləri, qəza riski yaradan hərəkətləri artıq həyəcan təbili çalınmasını zəruri edir.

Son olaraq motosikletdən istifadə tanınmış vəkil Fərhad Mehdiyevin qızının ölümünə səbəb oldu. Bakıda bu nəqliyyat vasitəsindən istifadə edənlərin sayı artdıqca, sanki təhlükə də böyüyür. Çünki motosikleti əsasən yeniyetmələr və gənclər idarə edirlər. Onlar isə daha çox adrenalinə və sürətə üstünlük verirlər. Bu da bir sıra hallarda ağır nəticələrə səbəb olur. Göründüyü kimi, daha bir gənc məhz bu səbəbdən saxlanılıb.

Daha hansı addımlar atıla bilər? Bu məsələdə qanunlar, yoxsa maarifləndirmə daha önəmlidir?

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirir ki, ölkədə kifayət qədər təcrübəli motosiklet sürücüləri var: “Həm təcrübəli, həm məsuliyyətli, motosiklet idarəetmə bacarığı yüksək olan, yol hərəkəti qaydalarına əməl edən sürücülərimiz də az deyil. Buna görə də demək olmaz ki, motosiklet sürücülərinin əksəriyyəti qaydaları pozur. Ancaq bu nəqliyyat vasitəsindən istifadə edənlərin bir qismi gənclərdir və onların da müəyyən hissəsi motosikleti təhlükəsiz hərəkət vasitəsi kimi deyil, sürət və adrenalin mənbəyi kimi qəbul edir. Bu isə sonda ağır nəticələrə, faciələrə gətirib çıxarır".

Onun sözlərinə görə, cəza ilə davranış mədəniyyətini formalaşdırmaq çətindir: "Yəni bu, əslində mümkün deyil. Gənclərə motosiklet idarə etməyin məsuliyyəti, qoruyucu motodəbilqənin və xüsusi geyimin əhəmiyyəti, eləcə də yüksək sürətin yaratdığı risklər davamlı şəkildə izah olunmalıdır. Sosial şəbəkələrdə təhlükəli sürücülüyü qəhrəmanlıq kimi təqdim edən görüntülərin əvəzinə, bu davranışların yaratdığı faciəvi nəticələr nümayiş etdirilsə, daha yaxşı olar".


Ekspert deyir ki, valideynlərin üzərinə də böyük məsuliyyət düşür: "Yeniyetmələrin, yaxud kifayət qədər motosiklet sürmə təcrübəsi olmayan, yol hərəkəti qaydalarını bilməyən şəxslərin motosiklet idarə etməsinə şərait yaratmaq olmaz. Bu, gələcəkdə ağır faciələrə səbəb olur. Valideynlər də bunu bilməlidirlər".

E.Cəfərov bildirir ki, problemi qismən də olsa həll etmək üçün ilk növbədə qanunların qaçılmaz tətbiqi təmin olunmalıdır: "Burada tənbeh tədbiri kimi, əlbəttə, cərimələr nəzərdə tutulur. Effektiv və gücləndirilmiş polis nəzarəti olmalıdır. Bunun hansı formada həyata keçiriləcəyi isə artıq müvafiq qurumların səlahiyyətindədir. Bu, kameralar vasitəsilə də ola bilər, patrul xidmətinin gücləndirilməsi yolu ilə də. Davamlı maarifləndirmə ilə yanaşı, ailə məsuliyyəti də burada ön plana çıxır. Bu problemi həll etmək üçün cəmiyyət olaraq maarifləndirmə işinə qoşulmalıyıq”./musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki