Türkiyədə oktyabrın ilk həftəsində hava temperaturunun yüksələcəyi gözlənilir. Həftəsonuna doğru bəzi bölgələrdə termometrlərin 30 dərəcəni keçəcəyi proqnozlaşdırılır.
Referans Media xəbər verir ki, Meteorologiya Baş İdarəsinin məlumatına görə, ölkənin böyük hissəsində temperatur tədricən artacaq. İzmir şəhərində həftəsonu 30 dərəcə, Cənub-Şərqi Anadolu bölgəsində isə 32-33 dərəcə isti olacağı gözlənilir.
İstanbulda temperaturun həftə ərzində 22-25 dərəcə arasında dəyişəcəyi, ən isti günün isə oktyabrın 9-u olması gözlənilir. Həmin gün şəhərdə temperaturun 24 dərəcəyə yüksələcəyi proqnozlaşdırılır.
Bəzi bölgələrdə güclü yağış gözlənilir
İsti hava öncəsi Türkiyənin şərq və cənub-şərqində bəzi ərazilərdə güclü leysan yağışları gözlənilir. Adıyaman, Ağrı, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzurum, Hakkari, Hatay, Qars, Malatya, Muş, Siirt, Tunceli, Van, Batman, Şırnak, İğdır və Osmaniyə üçün sarı kodlu xəbərdarlıq verilib.
Meteoroloqlar güclü yağışların sel və su daşqınlarına, ildırım, dolu və güclü küləyə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Yağıntıların çərşənbə günündən etibarən azalacağı və havanın tədricən açılacağı bildirilir.
Cənub-şərqdə toz daşınması
Cənub-Şərqi Anadolu bölgəsində bu gün toz daşınması da gözlənilir. Bunun hava keyfiyyətini aşağı sala, görmə məsafəsini azalda və nəqliyyatda problemlər yarada biləcəyi qeyd olunur.
Bölgədə temperaturun həftənin əvvəlində qısa müddətə azalacağı, həftəsonuna doğru isə yenidən yüksələcəyi proqnozlaşdırılır.
Böyük şəhərlərdə hava
Ankarada 21, İstanbulda 22, İzmirdə 27, Adanada 26, Antalyada 28, Samsunda və Trabzonda 19, Ərzurumda 16, Diyarbəkirdə isə 22 dərəcə isti gözlənilir.
Mütəxəssislərin "xəzan dövrü" adlandırdığı bu dövrdə gündüzlər havanın xeyli isinməsinə baxmayaraq, axşam və gecə saatlarında temperaturun əhəmiyyətli dərəcədə aşağı düşəcəyi bildirilir.
