Son günlər özünü idman mediasının guya “kapitanı” hesab edən, əslində isə şəxsi qərəz və paxıllıq burulğanında boğulan İlkin Vaqifoğlunun “Karvan” FK haqqındakı son sayıqlamaları artıq bütün hədləri aşıb.
İlkin bəy, sən özünü medianın “kapitanı” sanıb fərman verə bilərsən, amma yanılırsan: sən sadəcə deşik bir qayıqda, reallıqdan uzaq xəyallarla hara üzdüyünü bilməyən bir yolçusan.
Özünü “kapitan” sayanlara Yevlaxdan sərt cavab!
Mən bir Yevlaxlı jurnalist olaraq, doğma komandamızın, onun rəhbərliyinin və məşqçi heyətinin sənin kimi dırnaqarası “media kapitanları” tərəfindən aşağılanmasına, əsassız şəkildə qaralanmasına heç vaxt imkan vermərəm! “Karvan” FK bizim regionun futbol namusudur.
Sənin o ironik “kadr” və “rejissor” zarafatların bu qürura toxunmağa nə səviyyən, nə də jurnalist çəkin çatar. Sən oturub “gün eynəyi” analizi apararkən, biz burada bir tarixin yenidən yazılmasını izləyirik.
Kinematoqrafiya yox, qələbə əzmi!
”Karvan” FK-nın direktoru Elvin Əjdərlinin və baş məşqçi Füzuli Məmmədovun fəaliyyətini “TikTok” klipləri ilə ölçməyə çalışanlar, görünür, futbolun meydanda oynanıldığını unudublar.
Bəli, bu gün “Karvan” modern dünyanın tələblərinə uyğun olaraq media işini qurur, komandanın ruhunu yüksəldir. Amma bu ruhu “hind kinosu” adlandırmaq, ən azından, Yevlax futboluna və bu klubun tarixinə hörmətsizlikdir.
Əgər bir klip komandanı qələbəyə kökləyirsə, futbolçuları “döyüş meydanına” çıxarıb nəticə verirsə, deməli, o “rejissor işi” sizin illərdir yazdığınız mənasız, sifarişli və qərəzli yazılardan qat-qat effektlidir. Sizin dırnaqarası “kapitanlığınız” ancaq klaviaturada qəhrəmanlıq etməyə yetir.
”Sportinfo”nun qarayaxma kampaniyası ifşa olunur
İlkin Vaqifoğlunun “Hollivud” müqayisələri əslində onun özünün uydurduğu xəyali dünyadır.
Dövlət tərəfindən kluba ayrılan vəsaiti “kinematoqrafiyaya investisiya” kimi qələmə vermək, dövlətin idman siyasətinə qarşı çıxmaq və ictimaiyyəti çaşdırmaq cəhdidir. “Karvan”a ayrılan hər qəpik alın təri tökən futbolçuların, infrastrukturun və Yevlax azarkeşinin haqqıdır.
Sənin o “dron” və “avadanlıq” dərdi çəkməyin isə sadəcə daxili qısqanclığının və “Karvan”ın yüksəlişini həzm edə bilməməyinin aşkar sübutudur.
Futbol arxa planda deyil, sizin şüurunuz arxa plandadır!
Yazıda iddia olunan “futbol arxa plandadır” fikri, sadəcə bir “media kapitanı” xülyasında yaşayanın sayıqlamasıdır.
Klubda vicdanla çalışanların əməyini ləkələməyə çalışan İlkin bəy, bəlkə siz də öz saytınızın “qara piar” videolarını çəkməyə başlayasınız?
Çünki yazılarınız artıq oxunmur, sadəcə qıcıq doğurur.
”Karvan” FK-nın rəhbərliyinə qarşı yönəlmiş bu ucuz hücumlar bizim yolumuzu kəsə bilməz.
Elvin müəllimin çəkdiyi hər video komandaya bir motivasiyadırsa, sənin hər qərəzli yazın bizim üçün bir hədəfdir.
P.S. İlkin bəy, “Champions League of Content” kateqoriyası bəlkə hələ yoxdur, amma “Peşəkar Etikanı İtirmə” və “Özünü Kapitan Sanan Yanlış Düşüncəli” nominasiyalarında sizin birinciliyiniz mübahisəsizdir.
Növbəti qələbə xəbərimizi gözləyin, bəlkə ona da bir “ssenari” taparsınız!
Yevlaxın “Karvan”ı susmayacaq, meydanda da, mediada da cavabını verəcək! Sizin “kinonuz” bura qədər idi, indi titrləri izləyin!
Sima Babayeva






















