“Fənərbağça” Türkiyə Super Liqasında 16-cı turun son oyununda “Konyaspor”u qəbul edib. İstanbul təmsilçisi qarşılaşmadan 4:0 hesablı qələbə ilə ayrılıb. Matç zamanı iki futbolçu zədələnərək oyunu davam etdirə bilməyib.
“Fənərbağça” 16-cı tur çərçivəsində “Tümosan Konyaspor”u “Chobani” stadionunda qəbul edib. Qarşılaşma sarı-lacivərdlilərin tam üstünlüyü ilə keçib və 4:0 hesabı ilə yekunlaşıb. Ev sahiblərinin heyətində Braun və Duran zədələnərək oyunu yarımçıq tərk ediblər.
Oyunun baş hakimi Ozan Ergün olub. “Fənərbağça”nın qollarını Talişka (2), Mert və Marko Asensio vurub.
2-ci pilləyə yüksəldilər
Bu qələbə sayəsində “Fənərbağça” xallarının sayını 36-ya çatdırıb və “Trabzonspor”un “Beşiktaş”la oyunda xal itirməsindən sonra turnir cədvəlində 2-ci pilləyə yüksəlib. “Trabzonspor” isə 35 xalla 3-cü sıraya geriləyib.
Nelson Semedo və Çağlar Söyüncünün zədələri səbəbindən, Yusuf En-Nesyri və Dorgeles Nenenin isə milli komandalarının düşərgəsində olmaları səbəbilə bu oyunda forma geyinmədiyi bildirilib.
Tedeskodan 3 dəyişiklik
Baş məşqçi Domeniko Tedesko son olaraq “Brann”a qarşı keçirilən oyunun start heyəti ilə müqayisədə 2-si məcburi olmaqla 3 dəyişiklik edib.
40 yaşlı çalışdırıcı milli komandalarında olan Dorgeles Nene və Yusuf En-Nesyrini bu oyunda meydana buraxa bilməyib. İsmail Yüksək isə ehtiyat oyunçular skamyasında yer alıb. Tedesko onların əvəzinə “Konyaspor”a qarşı Edson Alvares, Marko Asensio və Jhon Duranı start heyətində meydana çıxarıb.






















