image-anadolu-parsi-bu-kez-sirnakta-gorun-mlyibackend

Kənd sakini tərəfindən yenidən görüntüləndi: Çox təhlükəlidir, qətiyyən vurmayın!

Nəsli kəsilmək təhlükəsi altında olan və Beynəlxalq Təbiəti və Təbii Sərvətləri Mühafizə Birliyinin (IUCN) təsnifatına görə “ciddi risk altında” kateqoriyasına daxil edilən Anadolu pələngi (Anadolu parsı) Şırnak vilayətinin İdil rayonunun kənd ərazisində bir kənd sakini tərəfindən görüntülənib.

Referans media xəbər verir ki, dünyada ən nadir və risk altında olan iri yırtıcılardan sayılan Anadolu parsının bu dəfə Cənub-Şərqi Anadolu bölgəsində müşahidə edilməsi diqqət çəkib.

Mövzu ilə bağlı açıqlama verən Biomüxtəliflik və Ətraf Mühitin Mühafizəsi üzrə mütəxəssis, professor Ahmet Kılıç bildirib ki, Türkiyə biomüxtəliflik baxımından son dərəcə zəngin ölkədir:

“Ölkəmizin biomüxtəliflik baxımından nə qədər dəyərli olduğunu burada yaşayan növlər göstərir. Türkiyədə çox sayda məməli və quş növü mövcuddur. Onların bəziləri ciddi təhlükə altındadır. Anadolu leoparı və ya Anadolu parsı adlandırılan bu iri yırtıcı da həmin növlərdən biridir. Anadolu bölgəsinin müxtəlif ərazilərində foto-tələlər, vətəndaşların çəkdiyi foto və videolar vasitəsilə bu heyvanı görmək mümkün olub.”

Professor Kılıç qeyd edib ki, Anadolu parsı son olaraq Cənub-Şərqi Anadolu bölgəsində qeydə alınıb və daha əvvəl, 2013-cü ildə Diyarbəkirdə də müşahidə edilib:

“Bu fakt bölgədə hələ də müəyyən populyasiyanın mövcud olduğunu göstərir. Anadolu parsına təkcə Cənub-Şərqi Anadoluda deyil, həmçinin Şərqi Anadolu, Qara dəniz bölgəsi və ölkənin digər ərazilərində də rast gəlinir. Bu növ son dərəcə dəyərlidir, çünki ekosistemdə digər canlıların da yaşadığını sübut edir. Onun ovladığı heyvanlara yabanı qoyun, yabanı keçi, maral, dovşan və yabanı donuzlar daxildir. Qida zəncirinin zirvəsində yer alması həmin bölgələrdə ekosistemin sağlam olduğunu göstərir.”

“Görüldüyü ərazilərdə əhali mütləq məlumatlandırılmalıdır”

Mütəxəssis vurğulayıb ki, bu cür nadir növlərin qorunmasının ən effektiv yolu maarifləndirmədir:

“Kənd və dağlıq ərazilərdə bu heyvanların görüldüyü yerlərdə vətəndaşların məlumatlandırılması çox vacibdir. Bu məsələdə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi yanında Ovçuluq və Yabanı Həyat Baş İdarəsi mühüm rol oynayır. Maarifləndirmə işlərinin artırılması zəruridir. Çünki bunlar son dərəcə nadir növlərdir. Anadolu parsı ölkəmizin bir qitə qədər zəngin biomüxtəlifliyə sahib olduğunu göstərir. Bu səbəbdən qurumlararası əməkdaşlıq və yerli əhalinin dəstəyi böyük əhəmiyyət daşıyır. Bu cür nadir canlıları qorumaq istəyiriksə, daha məsuliyyətli davranmalı və mütəxəssislərin xəbərdarlıqlarını ictimaiyyətə çatdırmalıyıq.”

Mütəxəssislər Anadolu parsının görüldüyü ərazilərdə ona zərər verilməməsi, xüsusilə ovlanmaması üçün vətəndaşları diqqətli olmağa çağırırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki