Baki Ersoy Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı futbol gündəmini qarışdıracaq açıqlamalar verib. Milliyyətçi Hərəkat Partiyasının deputatı bəzi klubların liqadan uzaqlaşdırılmalı olduğunu iddia edib.
Referans Media xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi Baş Assambleyasında çıxış edən Baki Ersoy Türkiyə futbolunda aparılan mərc və oyun alqı-satqısı araşdırmalarına toxunub. O bildirib ki, aparılan yoxlamalar zamanı çox sayda futbolçu və klub rəhbərinin mərc oyunlarında iştirak etdiyi müəyyənləşdirilib.
Deputat xüsusilə aşağı liqalarda vəziyyətin ağır olduğunu deyərək, bəzi klublarda futbolçuların böyük hissəsinin cəzalandırıldığını vurğulayıb. Onun sözlərinə görə, bu səbəbdən komandaların bütün balansı pozulub.
Baki Ersoy çıxışında "Eyüpspor" və "Kasımpaşa" klublarının adını xüsusi qeyd edib. O bildirib ki, TMSF-nin eyni liqada iki klubu idarə etməsi hüquqi baxımdan mümkün deyil.
Ersoy açıqlamasında deyib: “Bir liqada TMSF-nin iki klubu idarə etmək səlahiyyəti yoxdur. Eyüpspor və Kasımpaşanın aşağı liqaya göndərilməsi lazımdır. Hüquq bunu tələb edir”.
MHP-li deputat həmçinin Türkiyə Futbol Federasiyasını bəzi qərarları gecikdirməkdə ittiham edib. Onun sözlərinə görə, 33 klub rəhbərinin öz komandalarının əleyhinə mərc oynadığı iddia olunsa da, bu şəxslərin kimliyi hələ də açıqlanmayıb.
Ersoy bildirib ki, qaydalara əsasən belə hallarda klublara 12 xal silinməsi və ya liqadan uzaqlaşdırılma cəzası tətbiq oluna bilər.
