Banklarda nağd valyutanın alışı və satışı zamanı müəyyən məbləğ hədlərindən sonra şəxsiyyətin təsdiqinin tələb olunması və iri məbləğli əməliyyatlara nəzarətin gücləndirilməsi maliyyə təhlükəsizliyi baxımından əhəmiyyət daşıyır. Bu qaydalar şübhəli pul hərəkətlərinin izlənməsinə və qanunsuz gəlirlərin leqallaşdırılmasının qarşısının alınmasına kömək edə bilər. Bununla yanaşı, yeni tələblər vətəndaşların valyuta əməliyyatları zamanı əlavə yoxlamalarla qarşılaşmasına da səbəb ola bilər.
Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, banklarda nağd valyuta alışı və satışı zamanı şəxsiyyət vəsiqəsinin tələb olunması, iri məbləğli əməliyyatlara nəzarətin gücləndirilməsi ilk növbədə maliyyə əməliyyatlarının şəffaflığını artırmağa xidmət edir.
Onun sözlərinə görə, bu qaydalar şübhəli pul hərəkətlərini izləməyə, qanunsuz gəlirlərin leqallaşdırılmasının və digər maliyyə pozuntularının qarşısını almağa kömək edə bilər. Bank əməliyyatlarının kim tərəfindən həyata keçirildiyini müəyyənləşdirdikdə maliyyə təhlükəsizliyini təmin etmək də asanlaşır.
Akif Nəsirli qeyd edib ki, digər tərəfdən, bu qaydalar adi vətəndaşlar üçün müəyyən çətinliklər yarada bilər. Məsələn, böyük məbləğdə valyuta almaq və ya satmaq istəyən şəxslər əlavə sənədləşmə və yoxlamalarla qarşılaşa bilərlər. Lakin prosedurlar sadə və sürətli təşkil olunarsa, bu çətinlikləri minimuma endirmək mümkündür.
İqtisadçının fikrincə, əsas məsələ nəzarətin qanuni əməliyyatlara mane olmaması, eyni zamanda şübhəli maliyyə hərəkətlərinin qarşısını almağa imkan verməsidir. Bu qaydaların effektivliyi yalnız şəxsiyyətin yoxlanılması ilə deyil, bankların riskləri düzgün qiymətləndirməsi və nəzarət mexanizmlərini səmərəli tətbiq etməsi ilə müəyyən olunur.
Gülnaz Abdullazadə
