Sosial yardım almaq istəyənlərin nəzərinə: Kredit borcu olanlar üçün YENİ QAYDA gəlir

Ünvanlı dövlət sosial yardımının təyin olunması zamanı ailələrin yalnız rəsmi gəlirlərinin deyil, gündəlik yaşayış xərclərinin və mövcud borc öhdəliklərinin də nəzərə alınması sosial müdafiənin effektivliyini artıra bilər. Müasir iqtisadi şəraitdə nominal gəlir ailənin real yaşayış səviyyəsini hər zaman tam əks etdirmir. Ərzaq məhsullarının, kommunal xidmətlərin, dərman vasitələrinin, nəqliyyatın və mənzil xərclərinin artması ailələrin sərəncamında qalan vəsaiti azaldır.

Referans Media-ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsi, yoxsulluğun azaldılması və sosial bərabərsizliyin yumşaldılması baxımından mühüm iqtisadi mexanizmlərdən biridir.

Onun sözlərinə görə, sistemin effektivliyi yalnız ailələrin rəsmi gəlirlərinin müəyyən edilməsi ilə deyil, həm də onların faktiki maliyyə vəziyyətinin, gündəlik zəruri yaşayış xərclərinin və mövcud borc öhdəliklərinin kompleks qiymətləndirilməsi ilə birbaşa bağlıdır.

Ekspert qeyd edib ki, eyni gəlir səviyyəsinə malik ailələrin faktiki sosial vəziyyəti fərqlənə bilər. Xüsusilə çoxuşaqlı ailələr, əlilliyi olan şəxslərin yaşadığı təsərrüfatlar, yaşlı ailə üzvlərinə qulluq edən şəxslər və sabit məşğulluğu olmayan ailələr daha yüksək sosial risklərlə üzləşirlər.

Günay Hüseynovanın fikrincə, ailənin əldə etdiyi gəlirlə əsas yaşayış ehtiyaclarını ödəmək üçün çəkdiyi xərclər arasındakı fərqin qiymətləndirilməsi sosial yardımın daha ədalətli və ünvanlı şəkildə bölüşdürülməsinə imkan yarada bilər.

O bildirib ki, kredit öhdəlikləri də ailənin faktiki maliyyə vəziyyətinə təsir edən amillərdəndir. Aylıq borc ödənişləri ailənin sərəncamında qalan vəsaiti azalda və əsas ehtiyaclarını ödəmək imkanlarını məhdudlaşdıra bilər. Bununla belə, bütün kredit ödənişlərinin gəlirdən avtomatik çıxılması düzgün yanaşma hesab edilə bilməz. Belə mexanizm borclanma yolu ilə sosial yardım almaq imkanlarının süni şəkildə artırılması riskini yarada bilər.

Ekspert vurğulayıb ki, kredit öhdəlikləri qiymətləndirilərkən borcun yaranma səbəbi, aylıq ödəniş yükü və ailənin sosial vəziyyəti nəzərə alınmalı, zəruri yaşayış ehtiyacları ilə əlaqəli əsaslandırılmış hallara diferensial yanaşma tətbiq edilməlidir.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki