Bakıda taksi qiymətlərinin artması sərnişinlərin narazılığına səbəb olub.
Referans Media xəbər verir ki, “Xəbər ertəsi” proqramında mövzu müzakirə olunarkən aparıcı Aytən Səfərova adi günlərdə 3-4 manata gedilən məsafənin bəzi hallarda 20 manata qədər bahalaşdığını bildirib.
Digər aparıcı Mehman Rəsulov isə pik saatlarda qiymətlərin daha da yüksəldiyini deyib:
“Necə 4 manatlıq yol 25 manat ola bilər? Taksi sayı azaldı, metro xətti də bağlandı. İnsanların başqa yolu yoxdur”.
Sosial şəbəkələrdə də son günlər taksi xidmətləri ilə bağlı şikayətlərin artdığı, bəzi sürücülərin sifarişi qəbul etdikdən sonra sərnişini gözlətdiyi və daha sonra imtina etdiyi bildirilir./yenisabah.az/
