NASA-nın Ay Orbiter Kəşfiyyat Aparatı Ayın səthində son yüz ildə formalaşan ən böyük yeni zərbə kraterini aşkarlayıb. “McGetchin” adlandırılan kraterin 2024-cü ilin aprel-may ayları arasında asteroid və ya komet parçasının Aya çarpması nəticəsində yarandığı müəyyən edilib.
Referans Media xəbər verir ki, təxminən 222 metr enində və 43 metr dərinliyində olan krater kosmik aparatın fəaliyyəti dövründə qeydə aldığı ən böyük yeni kraterdir. Alimlərin fikrincə, bu böyüklükdə toqquşmalar Ayda orta hesabla yalnız yüz ildə bir dəfə baş verir.
Tədqiqatçılar toqquşmanın yalnız kraterlə məhdudlaşmadığını, ətraf ərazidə geniş dağıntı təbəqəsi yaratdığını və Ay səthinin istilik xüsusiyyətlərini dəyişdirdiyini müəyyən ediblər.
Kraterin nisbətən yeni və toxunulmaz olması Ayın geoloji tarixinin öyrənilməsi üçün mühüm imkan yaradır. Mütəxəssislər gələcək Ay missiyalarında bu ərazinin araşdırılmasının Ay torpağının və səth materiallarının xüsusiyyətlərini öyrənmək baxımından əhəmiyyətli olduğunu bildirirlər.
