"Bizim Salyan" “Facebook” səhifəsində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun fəaliyyəti ilə bağlı keçirilən sorğu sakinlər tərəfindən kəskin tənqidlərlə qarşılanıb.
Referans Media xəbər verir ki, Sorğunun rəy bölməsində yerli sakinlər rayonun infrastruktur problemlərindən, xüsusilə də bərbad yol şəraitindən şikayətləniblər.
İstifadəçilər Mərkəzi yolların və Stansiya qəsəbəsi istiqamətinin keçilməz olduğunu, rayonun baxımsız qaldığını bildiriblər. Sakinlər yaş həddinə görə daha gənc və dinamik kadrların təyin olunmasının vacibliyini vurğulayıblar.
Daha bir ciddi narazılıq vətəndaş qəbulu və sosial problemlərin həlli ilə bağlıdır. I qrup göz əlili olan sakin icra başçısının qəbulunda olduğunu, lakin ona heç bir köməklik göstərilmədiyini iddia edib.
Şikayətçi icra başçısının vətəndaşlarla olduqca aqressiv tonda danışdığını və problemlərin həllini yalnız Məşğulluq Fondunun üzərinə ataraq aylarla nəticəsiz saxladığını qeyd edib.
