Tarlanın ortasında külçə-külçə qızıl tapıldı - Nəhəng xəzinədən Türkiyə izi çıxdı

Lüksemburqun şimalında, Holztum yaxınlığında metal detektoru ilə axtarış aparan iki həvəskar xəzinə axtaran şəxs Um Rank ərazisində təsadüfən 38 qızıl sikkə tapıb.

Referans Media  xəbər verir ki, arxeoloqların əraziyə cəlb edilməsindən sonra aparılan genişmiqyaslı qazıntılar zamanı xəzinənin ilkin ehtimal ediləndən daha böyük olduğu ortaya çıxıb.

Milli Arxeoloji Tədqiqat İnstitutunun apardığı və 2024-cü ilə qədər davam edən qazıntılar nəticəsində qədim Roma qalasının qalıqları arasında ümumilikdə 141 qızıl solidus aşkar edilib.

M.S. 362-402-ci illər arasında zərb edildiyi müəyyənləşdirilən sikkələrin ümumi dəyərinin təxminən 322 min dollar olduğu bildirilir. Xəzinə Lüksemburq Mədəniyyət Nazirliyinin mühafizəsinə götürülüb.

Kəşfin ən diqqətçəkən məqamlarından biri sikkələrin bir hissəsinin minlərlə kilometr uzaqlıqdakı Anadolu ilə əlaqəli olmasıdır.

Oxford Universitetinin təxminən 14 min Roma xəzinəsini əhatə edən məlumat bazası ilə aparılan müqayisə zamanı xəzinədəki 17 sikkənin qədim Nikomedia şəhərində zərb edildiyi müəyyənləşdirilib. Nikomedia indiki Kocaeli, yəni İzmit ərazisində yerləşirdi.

Xəzinədə qədim Antakya ilə əlaqəli sikkələrin də olduğu bildirilib.

Tədqiqatçılar hesab edirlər ki, bu qızıl sikkələr imperator I Valentinian dövründə Anadolu ərazisindəki Roma hərbi birliklərinə verilən qızıl ödəniş və ya hədiyyələrin bir hissəsi olaraq Reyn sərhədinə qədər daşınmış ola bilər.

Alimlərin cavab axtardığı əsas suallardan biri xəzinənin nə üçün basdırılmasıdır.

Sikkələrin zərb edilməsindən təxminən 30 il sonra, M.S. 395-ci il ətrafında torpağa basdırıldığı ehtimal edilir. Maraqlıdır ki, həmin dövrə aid ərazidə böyük müharibə və ya ciddi böhran izlərinə rast gəlinməyib.

Bu isə xəzinə sahibinin sərvətini müvəqqəti olaraq gizlədərək sonradan geri qayıtmağı planlaşdırdığı ehtimalını gündəmə gətirib.

Lakin sikkələri kimin basdırdığı və həmin şəxsin nə üçün xəzinənin arxasınca qayıtmadığı hələlik məlum deyil. Arxeoloqlar üçün bu suallar qədim Roma dövrünün Avropadakı iqtisadi və hərbi əlaqələrinin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki