Telefonla bağlı YENİ QAYDA: Kartla ödəniş qəbul etmək asanlaşacaq

Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadəsinə imkan verən qanunvericilik dəyişiklikləri nağdsız ödənişlərin genişlənməsinə yeni imkanlar yarada bilər. Yenilik xüsusilə kiçik və orta sahibkarların əlavə avadanlıq əldə etmədən müştərilərdən kartla ödəniş qəbul etməsinə şərait yaradacaq. Bununla yanaşı, mobil POS sistemlərinin tətbiqinin nağd pul dövriyyəsinə, sahibkarlıq fəaliyyətinin şəffaflığına və biznes xərclərinə təsiri də diqqət çəkir.

Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, mobil telefonların POS-terminal kimi istifadəsinə imkan verən yenilik Azərbaycanda nağdsız ödənişlərin genişlənməsinə müsbət təsir göstərə bilər.

Onun sözlərinə görə, bu dəyişiklik xüsusilə kiçik və orta sahibkarlar üçün əlavə POS-terminal almaq və ona xidmət göstərmək xərclərini azaldacaq. Belə ki, sahibkarlar artıq xüsusi cihaz əldə etmədən, müvafiq texnologiyanı dəstəkləyən mobil telefon vasitəsilə müştərilərdən bank kartları ilə ödəniş qəbul edə biləcəklər.

Ekspert qeyd edib ki, yenilik kiçik mağazalar, fərdi sahibkarlar, taksi sürücüləri, kuryerlər və səyyar xidmət göstərən şəxslər üçün daha əlverişli olacaq. Eyni zamanda, indiyədək POS-terminal quraşdırılmasına iqtisadi baxımdan maraq göstərməyən kiçik biznes subyektləri də nağdsız ödəniş sisteminə qoşulmaq imkanı əldə edəcəklər.

A.Nəsirlinin fikrincə, bu addım nağd pul dövriyyəsinin azalmasına, ödənişlərin şəffaflaşmasına və iqtisadi əməliyyatların daha yaxşı uçota alınmasına da kömək edə bilər. Belə ki, nağdsız ödənişlərin artması sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilməsini və vergidən yayınma imkanlarının məhdudlaşdırılmasını stimullaşdıra bilər.

Bununla belə, iqtisadçı hesab edir ki, yalnız mobil telefonların POS-terminala çevrilməsi ilə nağdsız ödəniş problemini tam həll etmək mümkün deyil. Bunun üçün bankların xidmət haqları sahibkarlar üçün münasib olmalı, sistemdən istifadə sadələşdirilməli və texniki problemlər minimuma endirilməlidir.

O bildirib ki, əks halda sahibkarların bir hissəsi nağd hesablaşmalara üstünlük verməkdə davam edəcək.

A.Nəsirli əlavə edib ki, ümumilikdə bu yenilik nağdsız ödənişlərin daha geniş yayılması və kiçik biznesin rəqəmsal maliyyə sisteminə inteqrasiyası baxımından əhəmiyyətli addımdır.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki