Son dövrlərdə hava şəraitində müşahidə olunan dəyişikliklər və temperatur fərqləri iqlim dəyişikliyinin təsirləri ilə əlaqələndirilir. Qarşıdakı aylarda isə ölkədə havaların tədricən soyuması gözlənilir.
Referans Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, hazırda Azərbaycanın bütün ərazisində, ayrı-ayrı yerlərdə müşahidə olunan yağıntıları nəzərə almasaq, kifayət qədər normal payız havası hökm sürür.
Onun sözlərinə görə, hazırkı hava şəraiti kənd təsərrüfatı ilə məşğul olan əhali üçün də əlverişlidir:
“Hazırda ölkə ərazisində kifayət qədər normal payız havası müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntıları nəzərə almasaq, hava kifayət qədər gözəldir. Əhali məhsul yığımı ilə məşğuldur və havanın əlverişli olduğunu etiraf etməliyik. Payız fəslidir, anomal istilər görmürük, havalar da kəskin soyuq keçmir.
Mən oktyabr ayının əvvəlində də demişdim ki, bu ay mülayim və isti keçəcək. Elə də davam edir. Hətta noyabr ayında da belə hava şəraiti müşahidə oluna bilər. Ani soyumalar və soyuq hava axınları baş verməzsə, oktyabr ayı kifayət qədər yaxşı keçəcək”.
Ekoloq qeyd edib ki, hazırkı mülayim hava şəraitindən imkan daxilində yararlanmaq olar. Onun fikrincə, xüsusilə dənizə yaxın ərazilərdə yaşayan və vaxtı olan insanlar günəşli havadan faydalana bilərlər.
Qorxmaz İbrahimli qarşıdakı aylarda Azərbaycanda hər hansı ekoloji riskin artacağını gözləmədiyini də vurğulayıb:
“Qarşıdakı aylarda ölkədə hər hansı ekoloji risk gözləmirəm. Risklərin artmasının nə ilə əlaqələndirildiyini, sualın hansı mənada verildiyini bilmirəm. Amma hazırkı hava şəraitinin ekologiyaya mənfi təsiri yoxdur. Havanın temperaturu kifayət qədər normaldır. Yayda olduğu kimi 30-35, bəzən 40 dərəcəyə çatan istilər müşahidə olunmur. Ayrı-ayrı günlərdə temperaturun 25-26 dərəcəyədək yüksəlməsi isə mülayim subtropik qurşağa uyğun hava şəraitidir”.
Ekoloqun sözlərinə görə, iqlim dəyişikliklərinin hava şəraitinə təsiri var. Lakin konkret hava hadisələrini iqlim dəyişikliyi ilə əlaqələndirmək üçün uzunmüddətli müşahidələrə əsaslanmaq lazımdır:
“İqlim dəyişikliklərinin, əlbəttə, təsiri var, hava şəraitinə də təsir göstərir. Amma 10, 30 və ya 40 illik hava müşahidələrinə baxmadan fikir bildirmək qeyri-dəqiq ola bilər. Bu baxımdan hazırkı hava şəraiti kifayət qədər normaldır və ölkə ərazisində payız fəsli gözəl şəkildə davam edir”.
Q. İbrahimli əlavə edib ki, havalar tədricən soyuyacaq, məhsul yığımı başa çatdıqdan sonra ağaclar yarpaqlarını tökəcək və payız fəsli qışa keçidlə davam edəcək.
Gülnaz Abdullazadə
