ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının tələbinə baxmayaraq, Yəməndə İranın dəstəklədiyi husilərə qarşı hava zərbələri endirmək planını son anda təxirə saldığı bildirilir.
Referans Media xəbər verir ki, Səudiyyə Ərəbistanı husilərin Qırmızı dənizdə strateji Babülməndəb boğazına doğru irəliləməsinin qarşısını almaq üçün Vaşinqtondan hərbi dəstək istəyib. Trampın isə hazırda birbaşa hava hücumlarına başlamaq əvəzinə Səudiyyə Ərəbistanına kəşfiyyat və hədəflərin müəyyənləşdirilməsi sahəsində yardım göstərməyə razı olduğu qeyd edilir.
“Axios”a danışan iki ABŞ rəsmisinin sözlərinə görə, Səudiyyə Ərəbistanı husilərin Babülməndəb istiqamətində irəliləməsindən narahat olaraq həftəsonu Tramp administrasiyasından Yəməndə hava əməliyyatları keçirilməsini istəyib.
Məlumata görə, bu müraciətdən sonra Tramp yüksək səviyyəli müşavirləri ilə görüşərək Yəmənlə bağlı mümkün ssenariləri müzakirə edib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuperin də Yəmənə mümkün hava zərbələri ilə bağlı alternativ planlar hazırlayaraq onları şənbə günü müdafiə naziri Pit Heqsetə təqdim etdiyi bildirilib.
ABŞ rəsmilərinin məlumatına görə, bütün hazırlıqlara baxmayaraq, Tramp son anda əməliyyatı təxirə salmaq qərarına gəlib. "Atlantic Council" araşdırmaçısı və keçmiş Pentaqon rəsmisi Aleks Plitsas “Axios”a açıqlamasında Trampın mövqeyini dəyişdiyini bildirib. Onun sözlərinə görə, mümkün hücumun husilərin Babülməndəb boğazında vəziyyəti daha da gərginləşdirməsinə və bölgədə yeni təhlükəli vəziyyət yaranmasına səbəb ola biləcəyindən ehtiyat edilib. Plitsas həmçinin belə bir əməliyyatın neft qiymətlərinə əlavə təzyiq göstərə biləcəyini qeyd edib.
“Axios”un məlumatına əsasən, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman təxminən 10 gün əvvəl Trampa eyni gün ərzində iki dəfə zəng edərək husilərə qarşı hava zərbələri ilə bağlı dəstək istəyib. Bildirilir ki, Tramp həmin müraciəti qəbul etməyib və Səudiyyə Ərəbistanına yalnız kəşfiyyat məlumatları və hədəflərin müəyyənləşdirilməsi sahəsində yardım göstərilməsinə razılıq verib.
Yəməndə iyul ayından etibarən yenidən şiddətlənən qarşıdurmaların bölgədəki vəziyyəti dəyişdirdiyi bildirilir. Məlumata görə, husilər Hudeydə vilayətində nəzarəti tam təmin etdikdən sonra Taizin qərbinə doğru irəliləyiblər. Qruplaşmanın Qırmızı dəniz sahilində yerləşən Muha şəhəri və Babülməndəb boğazına çıxışı təmin edən əraziləri nəzarətə götürdüyü qeyd olunur. Husilərin həmçinin Taizə bağlı Muha şəhərindən sonra Babülməndəb ətrafındakı Haniş Takımadaları, Meyyun adası və Zubab bölgəsində də mövqelərini gücləndirdiyi bildirilir.
Hazırkı vəziyyət Qırmızı dənizin mühüm strateji keçidlərindən biri olan Babülməndəb boğazı ətrafında gərginliyin artması ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
