İranın paytaxtı Tehranda ticarət mərkəzlərindən birində çəkildiyi bildirilən görüntülər ölkədə qadınların geyim azadlığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Kadrlarda qadınların başörtüsüz, qısa köynək və cins şalvarlarla alış-veriş etdiyi görünür.
Referans Media xəbər verir ki, yay aylarında çəkildiyi bildirilən görüntülərin yenidən yayılması İranda məcburi başörtüsü qaydalarının gündəlik həyatda tətbiqi ilə bağlı müzakirələri gücləndirib.
Paylaşılan kadrlarda çoxsaylı qadının başörtüsü olmadan ticarət mərkəzində gəzdiyi və alış-veriş etdiyi görünür. Bəzi qadınların qısa geyimlərə üstünlük verməsi də diqqət çəkib.
Görüntülər məcburi başörtüsü tələbinin ölkədə necə tətbiq edildiyi ilə bağlı müzakirələrə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri İranın gündəlik həyatı ilə bağlı Qərb mediasında yayılan məlumatların reallığı nə dərəcədə əks etdirdiyini də müzakirəyə çıxarıblar.
Bununla belə, yalnız bir ticarət mərkəzində çəkilən görüntülər əsasında ölkə üzrə geyim qaydalarının tətbiqi barədə ümumi nəticə çıxarmaq mümkün deyil.
