ABŞ Prezidenti Donald Trampın Ankarada keçirilən NATO Zirvəsi zamanı Türkiyəyə "F-35" döyüş təyyarələrinin satışı ilə bağlı verdiyi müsbət mesaj Yunanıstanda da gündəmə gəlib.
Referans Media xəbər verir ki, Yunanıstanın Baş naziri Kiryakos Miçotakis jurnalistlərin Trampın Türkiyə ilə bağlı "F-35" açıqlaması barədə sualını cavablandırıb. Miçotakis bu məsələ ilə bağlı şərh vermək istəmədiyini bildirib.
“Bu mövzuda şərh verməyəcəyəm. Tramp və Ərdoğanın açıqlamalarına münasibət bildirməyəcəyəm. Ancaq deyə biləcəyim yeganə şey odur ki, ittifaq əsas prinsiplərə söykənməlidir və bu prinsiplərdən biri də yaxşı qonşuluq münasibətləridir”, – deyə Miçotakis qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp NATO Zirvəsi öncəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı "F-35" məsələsinin müzakirə ediləcəyini açıqlamışdı.
Görüşdən sonra Ərdoğan bildirib ki, Türkiyə ilk mərhələdə 5 ədəd "F-35" qırıcı təyyarəsinin təhvil verilməsi ilə bağlı Trampdan söz alıb. Tramp isə Türkiyə ilə münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq müdafiə sahəsində əməkdaşlığın inkişaf etdiriləcəyini bildirib. Türkiyənin "F-35" proqramına qayıtması ehtimalı regionda, xüsusilə Yunanıstan və İsraildə diqqətlə izlənilir.
