Türkiyədə QIRMIZI XƏBƏRDARLIQ – Körpülər bağlandı, şəhər hazır vəziyyətə gətirildi

Ədirnədə son günlər yağan güclü yağışlardan sonra Meriç, Tunca və Arda çaylarında su səviyyəsi ciddi şəkildə yüksəlib.

Referans Media xəbər verir ki, artan risk səbəbilə şəhərdaxili nəqliyyatı təmin edən tarixi Tunca və Meriç körpüləri ehtiyat tədbiri olaraq avtomobil və piyadaların hərəkətinə bağlanıb.

Arda çayında su sərfi saniyədə 558 kubmetr səviyyəsinə yüksəlib. Tunca çayında axın sürəti 212 kubmetrdən 193 kubmetrə qədər enib. Lakin bu iki çayın birləşməsi nəticəsində yaranan Meriç çayında su sərfi pik nöqtədə 1386 kubmetr/saniyə olub. İpsala bölgəsində isə göstərici 1468 kubmetr/saniyə olaraq qeydə alınıb.

Ədirnə valisi Yunus Sezer bildirib ki, Kirişhane bölgəsində Meriç çayında 1365 kubmetr/saniyə səviyyəsi ilk dəfə müşahidə olunub.

Bolqarıstandakı su anbarlarından buraxılan suların da təsiri ilə çaylarda axın artıb. Meriç çayında suyun yüksəlməsi nəticəsində Tunca ilə birləşdiyi nöqtədə geri təzyiq yaranıb. Bu səbəbdən Meriç və Tunca arasında yerləşən Ada bölgəsində qismən daşqın baş verib.

Ədirnənin Karaağaç məhəlləsinə çıxışı təmin edən Tunca körpüsü təhlükəsizlik məqsədilə bağlanıb. Rəsmi qurumlar bölgədə nəzarəti gücləndirib və vəziyyətin yaxından izlənildiyini açıqlayıb.

Vali Yunus Sezer AFAD-da keçirilən iclasdan sonra çaylarda yerində baxış keçirib və aidiyyəti qurumlara hazır vəziyyətdə olma tapşırığı verib. Hazırda şəhərdə fövqəladə vəziyyət elan olunmasa da, daşqın riski səbəbilə yüksək hazırlıq rejimi tətbiq olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki