Erkən evliliyə görə daha bir HƏBS – Azyaşlıları NECƏ qorumalı?

Cəlilabadda 15 yaşlı qızla evlənən şəxs həbs edilib. Xəbər verildiyi kimi, rayon sakini olan 21 yaşlı Vüqar Həmidov (adı və soyadı şərtidir) 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olduğu üçün məsuliyyətə cəlb edilib.

Erkən nikah: övladımıza kölə kimi baxmayaq...

Onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və ya seksual hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Mətanətlə (şərti adla) İnstaqram sosial şəbəkəsində tanış olub. Sonradan onlar arasında sevgi münasibətləri yaranıb və Bakıda görüşüblər. Onların ilk intim əlaqəsi Cəlilabad rayonunun kəndlərinin birində qeydə alınıb. Bu hadisədən sonra onlar evlənməyə qərar veriblər.

Lakin qızın ailəsi yaşının az olmasına görə bu izdivaca razı olmayıb. Nəticədə Mətanət Vüqara qoşularaq qaçıb. Qızın anası onların yaşadığı evə gəlsə də, Mətanəti apara bilməyib. Sonradan ailələrin razılığı ilə Vüqargilin həyətində el adəti ilə toy təşkil olunub və cütlüyün qanunsuz evliliyi baş tutub.
Hadisə ilə bağlı Vüqar Həmidov saxlanılıb. Qızın anası ifadəsində Vüqara qarşı şikayət və tələbinin olmadığını bildirib. Həmçinin Vüqarın anası da Mətanət 18 yaşına çatandan sonra rəsmi nikah bağlanacağını deyib. Məhkəmənin qərarı ilə V.Həmidov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Niyə belə hallar davam edir? Başqa hansı addımla atıla bilər?


Hüquq müdafiəçisi Novella Cəfəroğlu Musavat.com-a deyib ki, 14-15 yaşlı qızla evlənən şəxs mütləq qanun qarşısında cavab verməli və cəzalandırılmalıdır: “Bu, qanunun tələbidir və başqa cür ola bilməz. Amma məsuliyyət təkcə həmin şəxsin üzərinə düşmür. Burada hüquq-mühafizə orqanları, yerli icra hakimiyyətləri, aidiyyəti dövlət qurumları, bələdiyyələr və ən əsası valideynlər də məsuliyyət daşıyırlar. İcra hakimiyyətlərində bu məsələlərlə məşğul olan şöbələr var. Onlar öz ərazilərində baş verən belə hallardan xəbərdar olmalı və vaxtında qarşısını almalıdırlar. Əgər 14-15 yaşlı qızın qeyri-rəsmi şəkildə ailə qurduğu məlumdursa, deməli, aidiyyəti qurumlar öz işini lazımi səviyyədə yerinə yetirməyib".

Novella Cəfəroğlu Musavatdan istefa verdi Yeni Sabah

Novella Cəfəroğlunun fikrincə, bu məsələdə valideynlərin məsuliyyəti daha böyükdür: "Azyaşlı övladını belə bir evliliyə razı salan, göz yuman və ya buna şərait yaradan ailələr ciddi məsuliyyətə cəlb olunmalıdır. Onlara böyük məbləğdə cərimələr tətbiq edilməlidir. Çünki bu, uşağın hüquqlarının pozulmasıdır.
Bundan başqa, dini kəbin kəsən mollalar da məsuliyyət daşımalıdırlar. Axı bu cür evliliklər sadəcə birlikdə yaşamaqla bitmir, əksər hallarda dini nikah da bağlanır. Qanunda bununla bağlı müddəalar var və həmin şəxslər də qanun qarşısında cavab verməlidirlər. Bələdiyyələr, kənd nümayəndələri, yerli icra strukturları da belə halları görməzlikdən gələ bilməzlər. Əgər 14-15 yaşlı qızın toyu edilir, hamı bunu görürsə, deməli, hər kəsin məsuliyyət payı var. Hamısı cəzalandırılsa, gələcəkdə həm diqqətli olarlar, həm də belə halların qarşısını almağa çalışarlar. Cəmiyyətdə də bu cür hallara qarşı ciddi qınaq formalaşmalıdır".

Hüquq müdafiəçisi vurğulayıb ki, qızın anasının şikayətçi olmaması və sonradan toyun keçirilməsinə razılıq verməsi də düşündürücü məqamdır: "Valideynlər bəzən "el nə deyər", "qız artıq qaçıb" düşüncəsi ilə qanun pozuntusuna şərik olurlar. Halbuki 15 yaşlı qızı ərə vermək uşağa qarşı zorakılığın bir növüdür. Qızın "öz istəyi ilə qaçması" bu məsuliyyəti valideynlərin üzərindən götürmür. Ana da, ata da buna görə ciddi məsuliyyət daşımalıdırlar".

Novella Cəfəroğlu onu da qeyd edib ki, sosial şəbəkələrdə azyaşlıların manipulyasiya edilməsinin qarşısını tam almaq çox çətindir: "Milyonlarla istifadəçini bir-bir izləmək mümkün deyil. Sosial şəbəkələri tam nəzarətdə saxlamaq real görünmür. Ona görə də burada əsas məsuliyyət yenə ailənin üzərinə düşür. Valideyn övladının kimlə ünsiyyət saxladığını, kimlə yazışdığını, dost çevrəsinin kimlərdən ibarət olduğunu bilməlidir. Əgər azyaşlı qız sosial şəbəkə vasitəsilə tanış olub belə vəziyyətə düşübsə, valideyn də məsuliyyət daşımalıdır. Valideynlər övladlarına nəzarət etmədiklərinə görə də məsuliyyətə cəlb olunmalı, bu məsuliyyəti hiss etməlidirlər".

Novella Cəfəroğlunun fikrincə, erkən evliliklərin səbəbini təkcə yoxsulluq və ya iqtisadi çətinliklərlə izah etmək düzgün deyil:

"Sovet dövründə də ağır həyat şəraiti vardı. Müharibə illərində insanlar aclıq yaşayırdı, qadınlar səhərdən axşama qədər işləyirdi, 14-15 yaşlı qızlar da ailələrinə kömək etmək üçün fabriklərdə çalışırdılar. Amma indiki kimi azyaşlıların qaçıb evlənməsi halları geniş yayılmamışdı. O dövrdə də kasıb vardı, orta təbəqə vardı, varlı da vardı. Deməli, məsələ təkcə maddi vəziyyətdə deyil. Əsas problem ailə dəyərlərinin zəifləməsi və valideyn nəzarətinin azalmasıdır. Bu gün televiziyalar, filmlər, sosial şəbəkələr və telefon vasitəsilə uşaqlar yaşlarına uyğun olmayan məzmunla çox erkən qarşılaşırlar. Bu da onların psixoloji inkişafına təsir göstərir, erkən yaşda ailə qurmaq barədə yanlış təsəvvürlər yaradır. Ancaq bütün bunlara baxmayaraq, ən böyük məsuliyyət yenə ailənin üzərinə düşür. Övladın tərbiyəsinə, davranışına və təhlükəsizliyinə görə ilk növbədə valideyn cavabdehdir".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki