Aİ-də meşə yanğınları nəticəsində 435 min hektara yaxın ərazi məhv olub

Avropa İttifaqı (Aİ) ölkələrində bu ilin əvvəlindən iyulun 29-dək baş verən meşə yanğınları nəticəsində 434 min 976 hektar ərazi yanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25 faiz çoxdur.

Avropa Meşə Yanğınları Məlumat Sistemi (EFFIS) məlumatına görə, cari ildə yanan ərazi son 20 ilin eyni dövr üzrə orta göstəricisini təxminən 2,5 dəfə üstələyib. Bu müddətdə Aİ ölkələrində 1 407 meşə yanğını qeydə alınıb.

Ən böyük itki İspaniyada qeydə alınıb. Burada ilin əvvəlindən 208 min 420 hektar ərazi yanıb ki, bu da Aİ-də yanan ümumi sahənin təxminən yarısını təşkil edir.

Fransada 91 min 24 hektar, İtaliyada 69 min 414 hektar, Portuqaliyada isə 39 min 801 hektar meşə sahəsi yanaraq məhv olub.

Mütəxəssislər artan meşə yanğınlarını əsasən qlobal iqlim dəyişikliyi nəticəsində müşahidə olunan ekstremal istilər və insan amili ilə əlaqələndirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki