Valideynlərə TÖVSİYƏ – Azyaşlıların bu müddətdən artıq telefonla oynamasına İCAZƏ VERMƏYİN!backend

Valideynlərə TÖVSİYƏ – Azyaşlıların bu müddətdən artıq telefonla oynamasına İCAZƏ VERMƏYİN!

  Mütəxəssislər valideynlərə tez-tez tövsiyə edirlər ki, uşaqların televizora, telefona çox baxmasına icazə verməsinlər, onları ekrandan uzaq tutsunlar. Çünki bu onların həm fiziki, həm də psixi sağlamlıqlarına təsir edir.

Düzdür, artıq telefonla oynamayan uşaq görmək çox az mümkün olsa da, mütəxəssislərin məsləhətlərinə qulaq asan valideynlər də var. Ancaq onlar narahatdırlar ki, övladları texnologiyadan uzaq böyüyərsə, gələcəkdə müasir dövrün tələblərinə uyğunlaşmaqda çətinlik çəkə bilərlər.

Referans xəbər verir ki, Bizim.Media mövzuyla bağlı psixoloq Ofelya Məmmədovanın fikirlərini öyrənib.

Psixoloq uşaqlar və internet arasında balansın necə qorunacağıyla bağlı bəzi məqamları diqqətə çatdırıb.

O, uşağı ya ekranlardan tam uzaq saxlamaq, ya da limitsiz baxmağına icazə verməyin tərəfarı deyil:

“Uşaq ekranlardan tam uzaq qalarsa, müasir dünyanın tələb etdiyi texnoloji bacarıqlardan geri qalacaq. Çox istifadə isə diqqət dağınıqlığı, yuxu problemləri və sosial təcrid kimi problemlər yarada bilər. Ona görə balans vacibdir. Məktəbəqədər uşaqlar üçün gündə 20–30 dəqiqə kifayətdir.
 

Böyüklərdə öyrənmək və inkişaf üçün vaxt tədricən artırıla bilər. Ən önəmli olan oyun, kitab, idman, dostlarla ünsiyyət və təbiətlə əlaqədir. Telefon və planşet isə bu işlərin kiçik, faydalı bir hissəsi olmalıdır. Valideyn uşağın telefon və planşetdən istifadə vaxtını və baxdığı məzmunu nəzarətdə saxlamalıdır”.
 

Ofelya Məmmədova vurğulayıb ki, uşaq texnologiyanı sadəcə oyun üçün yox, öyrənmək, yaratmaq və araşdırmaq üçün də istifadə etməyi öyrənməlidir. Belə olarsa, o həm müasir dünyaya uyğunlaşar, həm də sağlam inkişaf edər.

Bəs telefon uşaqların nitq və psixoloji inkişafında geriləmə yaradırmı?

“Bəli, həddindən artıq telefon və planşet istifadəsi uşağın nitqində və psixoloji inkişafında ləngiməyə səbəb ola bilər. Xüsusən, azyaşlı uşaqlarda bu, daha aydın görünür. 0–2 yaş arası uşaqların ekran qarşısında vaxt keçirməsi, ümumiyyətlə, tövsiyə olunmur. Bu dövrdə uşağın əsas öyrənməsi real ünsiyyət və oyun vasitəsilə olur. Ekran qarşısında çox vaxt keçirmək real ünsiyyət imkanlarını azaldır, hərəkət aktivliyini məhdudlaşdırır, nəticədə dil və sosial bacarıqlar yavaş inkişaf edir”, – deyə müsahibimiz bildirib.

“Texnologiya zərərli deyil”.

“Əgər uşaqda artıq inkişaf geriliyi varsa, telefon bu prosesi daha da ləngidə bilər. Amma texnologiyanın özü zərərli deyil. O, məqsədli və məhdud şəkildə — öyrənmə, yaradıcılıq, yeni biliklər qazanmaq üçün istifadə olunarsa, əksinə, inkişafı dəstəkləyə bilər. Burada vacib olan valideyn nəzarətidir: vaxt limiti, məzmun seçimi və uşağın real həyatda kifayət qədər ünsiyyət, oyun və hərəkət imkanını təmin etmək lazımdır”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki