ABŞ Vitse-prezidenti Ceyms Devid Vens rəsmi Vaşinqtonun İranla danışıqlarda üstün tərəf olduğunu bəyan edib. O, ABŞ-nin müzakirələrin uğurla başa çatmasında maraqlı olduğunu, lakin Tehran lazımi güzəştlərə getməsə belə, ABŞ-nin hərbi cəhətdən daha güclü mövqedə dayandığını vurğulayıb.
Referans Media xəbər verir ki, "Fox News" telekanalına müsahibə verən Ceyms Devid Vens son hərbi gərginliyi və müzakirə prosesini şərh edərkən "kök və dəyənək" taktikasına ehtiyac olduğunu bildirib:
"İranın son bir neçə həftə ərzində Hörmüz boğazında gəmilərə hücum etməməsinin və neft axınının davam etməsinin əsas səbəbi Prezident Donald Trampın qətiyyətli mövqeyidir. Tramp açıq şəkildə bildirdi ki, gəmilərə hücum olunarsa, cavabımız sərt olacaq. Danışıqların nəticəsindən asılı olmayaraq, ABŞ hazırda əla mövqedədir".
Vitse-prezident qeyd edib ki, rəsmi Vaşinqton İrandan konkret addımlar gözləyir. Onun sözlərinə görə, uğurlu danışıqlar regionda və dünyada yeni bir mərhələnin başlanğıcı ola bilər:
Regional terrorizmin maliyyələşdirilməsinə son qoyulması;
Nüvə silahı ambisiyalarından tamamilə imtina edilməsi;
İranın yenidən dünya iqtisadiyyatına inteqrasiyası.
Bununla belə, Vens danışıqların uğursuzluqla nəticələnəcəyi ssenariyə də toxunub:
"Əgər iranlılar lazımınca davranmasalar və gözlədiyimiz güzəştləri etməsələr, unutmasınlar ki, onların nüvə proqramı onsuz da iflic edilib, konvensional ordusu zəiflədilib. ABŞ İrana nisbətən qat-qat güclü mövqedədir. Danışıqlarda bütün kozlar bizim əlimizdədir. Bu, Amerika xalqı üçün hər bir halda uduşlu vəziyyətdir. Çünki əsas hədəfimiz olan İranın nüvə silahına sahib olmamasının qarşısını artıq almışıq".
Vens İranın idarəetmə sistemində və xalq arasında mövcud rejimdən ciddi narazılıqların olduğunu iddia edib. Müzakirə masasındakı mənzərənin daxili çəkişmələrin sübutu olduğunu deyən vitse-prezident vurğulayıb:
"İran sistemində son 47 ildəki idarəetmə formasının səhv olduğunu qəbul edən və yeni səhifə açmaq istəyən insanlar var. Eyni zamanda, köhnə radikal və mühafizəkar qüvvələrin müqavimətini də görürük. Biz bu danışıqlarla onların nə dərəcədə ciddi olduqlarını yoxlayırıq. Ciddi olmaq üçün sadəcə bəyanatlar bəs etmir, real güzəştlər lazımdır".
Tramp administrasiyasının İrandan gələn sözlərə deyil, real əməllərə önəm verdiyini qeyd edən Vens, bəzi müsbət və mənfi siqnalların olduğunu, lakin diplomatik həll yolu tapılmasa belə, ABŞ-nin masada hələ çox variantının qaldığını diqqətə çatdırıb.Sfera.az
