“Azərbaycan çox əhəmiyyətli bir dövlətdir. Azərbaycan və Türkiyə iki dövlət, bir millət deyil; Şuşa protokolundan sonra biz bir dövlət, bir millət, bir ordu olduq. Azərbaycan biz deməkdir, Türkiyə isə Azərbaycan”.
Referans Media xəbər verir ki, bu sözləri ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı GZT-nin baş redaktoru Doğukan Gezerin təqdimatında yayımlanan “Xəritə” proqramında deyib.
C.Yaycı bildirib ki, Azərbaycanın artan strateji əhəmiyyəti, İran sərhədi yaxınlığında PJAK fəaliyyəti, Cənubi Azərbaycanda baş verən proseslər və Zəngəzur dəhlizi ətrafında artan rəqabətin Qafqazın qarşıdakı dövrdə daha çox gündəmə gələcəyini ortaya qoyur:
“Mən dedim ki, onlar Azərbaycanı bu işə cəlb etmək istəyirlər. Dedim ki, mütləq Azərbaycana hücum olacaq və hücum baş verdi (Naxçıvana dron zərbəsi, -red). Dedim ki, bu hücumu İran yox, İranın daxilindəki sionist agentlər, İsrailin agentləri həyata keçirəcək. Çünki İranda idarəetmə zənciri qopub. Kimin nə etdiyi bəlli deyil. Biz dedik ki, İrandan Azərbaycana hücum olacaq və bu hücumla Azərbaycan İrana hücum etməyə təhrik ediləcək”.
Prof. Dr. Cihat Yaycı
Ekspert Şimali İraqdakı proseslər, Böyük Yaxın Şərq Layihəsi (BOP) ətrafında müzakirələr, İsrailin regional strategiyası və NATO-nun Yaxın Şərqdə yarada biləcəyi yeni təhlükəsizlik strukturu kimi vacib geosiyasi məsələlərə diqqət çəkib. Ankarada keçiriləcək NATO Zirvəsi haqda maraqlı proqnoz irəli sürüb. Yaycının sözlərinə görə, “NATO-Yaxın Şərq” yaranacaq və Türkiyə burada tramplin kimi istifadə olunacaq:
“Zirvədəki ən önəmli məsələ Türkiyənin cənub və şərqindəki proseslərin NATO çətiri altına alınması olacaq. Bu, Türkiyə üçün çox təhlükəli bir vəziyyətdir. O deməkdir ki, İraqda, Suriyada, Livanda, Fələstində və İranda hansı proseslər baş verirsə versin, NATO-nun müdaxiləsi Türkiyədən istifadə edilməklə həyata keçiriləcək. Buraya çoxlu hava hücumundan müdafiə sistemləri gətiriblər. Yunanıstan onları Birləşmiş Ərəb Əmirliklərinə göndərib. Nəyəsə hazırlaşırlar. O zaman Türkiyənin qonşuları ilə münasibətləri necə olacaq? Oradakı hökumətlər dəyişəcək, amma xalqları bunu tarix boyu unudacaqmı? Türkiyəni riskli vəziyyətə sürükləyirlər. Kipr və Yaxın Şərqi NATO çətiri altına almaq, Türkiyənin əl-ayağını bağlamaq və eyni zamanda onu qonşuları ilə oda atmaq deməkdir”./globalinfo
