“Kommunal borclara görə işığın və qazın kəsilməsi məsələsi xidmət müqavilələr əsasında tənzimlənir”.
Referans Media xəbər verir ki, bu fikri konkret.az-a açıqlamasında vəkil Toğrul Məmmədov səsləndib:
Onun sözlərinə görə, vətəndaş aldığı kommunal xidmətlərin ödənişini vaxtında etməlidir. Əgər borc yaranarsa, xidməti göstərən müvafiq müəssisə işıq, qaz və suyun verilişini dayandıra bilər:
“Bu hal xidmət müqaviləsinə əsaslanır. Şəxs ödəniş etmədikdə kommunal müəssisə xidməti müvəqqəti dayandırmaq hüququna malikdir. Belə vəziyyətdə vətəndaşın şikayətinin təmin olunma ehtimalı çox aşağıdır.”
Vəkil qeyd edib ki, məsələ Mənzil-Tikinti Kooperativləri (MTK) ilə bağlı olduqda isə vəziyyət tam fərqlidir. MTK-ların vətəndaşların işığını, qazını və ya digər kommunal xidmətlərini dayandırmaq səlahiyyəti yoxdur:
“MTK tərəfindən kommunal xidmətlərin kəsilməsi tam qanunsuzdur. Bu hüquq yalnız xidməti göstərən rəsmi qurumlara məxsusdur. MTK-ların digər borcları əsas gətirərək kommunal xidmətləri dayandırması yolverilməzdir. Bəzi hallarda sayğacların MTK-nın adına rəsmiləşdirilməsi problemlərə səbəb olur. Bu isə vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarır”. Vəkilin sözlərinə görə, MTK-lar tərəfindən ən çox rast gəlinən hallardan biri də liftlərin fəaliyyətinin dayandırılmasıdır ki, bu da qanunsuz hesab olunur. Belə hallarda vətəndaş məhkəməyə və ya hüquq-mühafizə orqanlarına müraciət edə bilər.
Ümumilikdə isə vəkil vurğulayıb ki, kommunal xidmət borca görə rəsmi qurum tərəfindən dayandırılıbsa, vətəndaşın buna qarşı ciddi hüquqi imkanları məhduddur:
“Kommunal xidmətlər müqavilə əsasında göstərilir. Müqavilə şərtlərinə baxmaq lazımdır. Əgər xidmətin dayandırılması müqavilə şərtlərini pozursa, bu halda vətəndaş məhkəməyə müraciət edərək kommunal müəssisənin öhdəliklərini yerinə yetirməsini tələb edə bilər.”
