Arda Gülerin Real Madriddəki son oyunları baş məşqçi Xabi Alonsonun narazılığına səbəb olub.
Referans Media xəbər verir ki, Xabi Alonso Arda Gülerin performansındakı heç bir detalı gözdən qaçırmır. Gənc futbolçu Mendizorrozada “Alaves”ə qarşı səfər oyununda ən yaxşı performansını göstərə bilmədi. Narahatlıq doğuran əsas məqam isə onun son dövrlərdə ardıcıl şəkildə gözləntiləri doğrultmayan çıxışlar etməsidir.
Türkiyəli futbolçu oyun boyu fiziki baxımdan zəif təsir bağışladı və hətta komandası üçün baha başa gələ biləcək lazımsız bir qayda pozuntusuna yol verdi. Ardanın mərkəz yarımmüdafiədə oynadılması Xabi Alonsonun şəxsi seçimi olsa da, bu mövqedə gözlənilən effekti verə bilmədiyi açıq şəkildə görünür. Bununla belə, komandasına qələbə qazandıran qolda çevik davranaraq qol ötürməsi verməsi diqqətdən qaçmadı.
Real Madrid rəhbərliyi Arda Gülerin yüksək səviyyəli futbolçu olduğunu və qarşısında parlaq karyera dayandığını xüsusi vurğulayır. Bu fakt müzakirə mövzusu deyil. Lakin ondan daha artığının gözlənildiyi də reallıqdır.
Aydın görünür ki, Ardanın performansı “yaxşıdan zəifə doğru” istiqamətlənib. Bunun fərqində olan ilk şəxs də elə özüdür və vəziyyəti dəyişmək üçün çalışır. Klub daxilində isə Bellingham ilə Ardanın bir-birini tamamlamadığı fikrini irəli sürənlər var. Buna baxmayaraq, Xabi Alonso daha əvvəl də bildirdiyi kimi, bu iki futbolçunun meydanda birlikdə oynaya biləcəyinə inanır.
Real Madridin “15 nömrə”sinin ən yaxşı versiyası daha çox hücuma yaxın mövqelərdə görünüb. Son oyunlarda isə o, Tchouaméni ilə birlikdə mərkəz yarımmüdafiədə oyun qurmaq və rəqibi qarşılamaq kimi daha ağır funksiyalar yerinə yetirir. Bir çoxlarının fikrincə, Arda “yeni Luka Modriç” ola bilərdi, lakin görünən odur ki, bu müqayisə tam uyğun gəlmir. Hər halda, qəti qərar vermək üçün hələ tezdir.
Qeyd etmək lazımdır ki, ötən çərşənbə günü “Mançester Siti” ilə oyunda Xabi Alonso Dani Ceballosa üstünlük verdi. Bu da Ardanın son vaxtlar oyun ritmini tapmaqda çətinlik çəkdiyinin göstəricisi sayılır.
Ardanın forması komandanın ümumi gedişatı ilə paralel şəkildə enişə keçib. Son matçlarda performansın zəifləməsi və fiziki durumunun ideal səviyyədə olmaması açıq şəkildə hiss olunur ki, bu da ciddi problem kimi dəyərləndirilir.
Bu vəziyyət Real Madridin prezidenti Florentino Peres və onun yaxın çevrəsində də narahatlıq doğurur. Klub rəhbərliyi, Kilian Mbappe istisna olmaqla, bir çox futbolçunun fiziki baxımdan gerilədiyini düşünür.
Arda Güler Bernabeu rəhbərliyinin xüsusi əhəmiyyət verdiyi layihələrdən biridir. Buna görə də ona olan inam davam edir. Klub onun qeyri-adi istedada sahib olduğunu və bunu Madrid forması altında artıq sübut etdiyini yaxşı bilir.
Sonda isə əsas sual ortaya çıxır: klub artıq Ardanın “təmiz mərkəz yarımmüdafiəçi” olmadığını dərk edirsə, Toni Kroosun gedişindən sonra bu mövqedə yaranan boşluğu doldurmaq üçün transferə gedə bilərmi? Belə bir addım həm komandanın ümumi balansına, həm də Arda Gülerin hücum bölgələrində öz potensialını daha yaxşı ortaya qoymasına ciddi şəkildə töhfə verə bilər.
